UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütün epidemiyası

Tarixə nəzər salsaq tütündən geniş istifadə 19 əsrin ortalarında məhz kibritin icad edilməsindən başlandı, yəni siqareti yandırmaq üsulu asanlaşdı. 30 ildən sonra sənaye üsulu ilə ilk siqaret düzəldən qurğu hazırlandı və sonra siqaretlər öz “müasir” formasını aldı. Bu hadisələr tütün epidemiyasının (tütünçəkmənin və onun fəsadlarının geniş yayılmasının) başlanmasına təkan verdi.

Hazırda tütün dünyada yeganə istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsin sağlamlığına zərər yetirir və həyatına ciddi təhlükə törədir. Hətta Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində yoxsulluğun və aclığın aradan qaldırılması, sağlamlıq və rifah, gender bərabərliyi, iqlimin dəyişməsi ilə mübarizə, ölkələr daxili və ölkələr arası qeyri-bərabərsizliyin azaldılması kimi Məqsədlərdə tütünlə mübarizə məsələləri öz əksini tapıb.

20-ci əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoydu, 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Qlobal tütün şirkətlərinin əldə etdiyi mənfəət qarşısında hər il bəşəriyyət tütün tüstüsü səbəbindən yaranan xəstəliklərdən 8 milyon insan itkisi verir, bunların 1 milyonu özü çəkməsədə, digərlərin çəkdiyi tütün tüstüsü ilə nəfəs alması nəticəsində dünyasını dəyişir.  Ölkələrin səhiyyə xərclərinin artması və iş qabiliyyətli əhalinin məhsuldarlığının azalması, insanların tütün səbəbindən itirdiyi sağlam həyat illəri,  əlillik və ölüm dünyada il ərzində 1.4 trilyon ABŞ dolları həcmində qlobal iqtisadi itkilərə gətirib çıxarır.

Tütünün epidemiyası ətraf mühitə təhlükəli təsir göstərir. Hər gün ətrafa milyardlarla toksik siqaret kötüyü atılır, tütün becərmək, tütün kağızı və qutuları hazırlamaq üçün meşələr qırılır, nəticədə meşə florası və faunası kəskin azalır. Tütün əvəzinə digər zəruri qida məhsulların becərilməsi milyonlarla insanı aclıqdan xilas edə bilərdi. Maraqlıdır ki, dünyada il ərzində baş verən 1 milyon                              yanğına səbəb yanan siqaretdir.

Bu gün tütünçəkmə göstəricisi, o cümlədən qadınlar arasında Avropa regionunda ən yüksək səviyyədədir, lakin tütün çəkən və bu səbəbdən dünyasını dəyişən insanların böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır. Acınacaqlı faktdır ki, tütün çəkənlərlə yanaşı, çəkməyən, lakin ictimai və iş yerlərində tütün tüstüsü ilə nəfəs almaq məcburiyyəti qarşısında duran insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşmaq riski ilə üz-üzə qalır. İldə 1 milyon insanın passiv tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişməsi ailələrin, icmaların və dövlətlərin əvəzolunmaz itkiləridir.

Ölkəmizdə tütünçəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə Azərbaycanda böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur. Lakin bununla yanaşı, eyni dərəcədə və bəzi hallarda daha təhlükəli hesab edilən passiv tütünçəkmə göstəriciləri dünyanın əsasən inkişaf edən ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir.  

Əksər hallarda böyüklərin tütünçəkməsi yeniyetmə yaşlarında başlayır. Avropa regionunda yeniyetmələr arasında tütündən istifadə ən yüksək səviyyədədir. Bəzi ölkələrdə yeniyetmələr arasında tütünçəkmə göstəricisi böyüklərin analoji göstəriciləri ilə eynidir. Uşaq və yeniyetmələrin passiv tütünçəkməsi də dünyanın bir çox ölkələrində hələ də aktual məsələ olaraq qalır. Buna baxmayaraq, xüsusilə də yüksək gəlirli ölkələrdə sərt qadağalar və hərtərəfli qanunların tətbiqi sayəsində yeniyetmələr arasında aktiv və passiv tütünçəkmə səviyyəsi tədricən azalır.

Qlobal tütün şirkətləri reklam, satışın stimullaşdırılması və sponsorluğunun köməyi ilə öz məhsullarının marketinqinə bütün dünyada hər il külli miqdarda vəsait xərcləyir. Belə marketinq üsulları tütünün adi istehlak malı kimi təşviq olunmasına, xüsusilə də yeniyetmələr arasında yanlış təəssüratların yaradılmasına yönəldilir, beləliklə də tütün məmulatlarının cəmiyyətdə sosial cəhətdən məğbul olmasını gücləndirir.

Tədqiqat göstərdi ki, Azərbaycanda məktəblilərin 10%-i nə vaxtsa siqaret çəkib. Diqqət yetirilməli məqam odur ki, siqaret çəkməyə cəhd edənlərin üçdə biri bunu 10 yaşadək edib. Bununla yanaşı passiv tütünçəkmə nisbəti yeniyetmələrə gəldikdə daha nəzərə çarpandır. Azərbaycanda siqaret çəkməyən yeniyetmələrin 29%-i evdə, 41%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Bu faktlar ictimai yerlərdə tütünçəkməni qeyd-şərtsiz qadağan edən qanunun ciddi şəkildə icra olunması məsələsini bir daha aktuallaşdırır.

Qlobal tütün şirkətləri öz marketinq siyasəti sayəsində enerji, cazibədarlıq və cəlbedicilik kimi xüsusiyyətlərlə tütün məmulatları arasında bağlılıq yaradaraq gənc insanlarda yanlış düşüncələr formalaşdırır, bu məqsədlə həm də media, idman və əyləncə sahələrinə təsirini gücləndirir, tütündən yeni istifadə formalarını icad edir, korporativ sosial məsuliyyət tədbirlərinə əl atır.

Tütün tüstüsü dünyada 8 əsas ölüm səbəblərindən 6-sına dair risk faktorudur və dünyada böyüklər arasında baş verən hər on nəfərdən birinin ölümünün səbəbidir. Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Sübut edilmişdir ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli maddə və 70-i xərçəng xəstəliyi yaradan hesab edilir.

Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan ən təhlükəsiz tütünçəkmə üsuludur. Adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox xərçəng yaradan maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündə təhlükəli və zəhərli kimyəvi maddələrin olması ilə o, siqaret çəkən insanlarda əmələ gələn xəstəliklərin yaranmasına səbəb olur. Tütün məmulatlarına qatılan mentollu, nanəli və digər adların arxasında gizlənən təhlükəli kimyəvi maddələr sağlamlığa əlavə zərbə vurur.  

Təcrübə göstərir ki, tütünlə mübarizədə bir çox effektli tədbirlər mövcuddur. Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının ən səmərəli strategiyaları sırasında tütün məmulatlarının vergi və qiymətlərinin artırılması, tütünün birbaşa və dolayı reklamının qadağan edilməsi, bütün ictimai və iş yerlərində tütünçəkmənin tam qadağan edilməsi və tütün məmulatlarının qutuları üzərində iri və aydın görünən sağlamlığa zərər barədə şəkillərin yerləşdirilməsi tədbirlərini sadalamaq olar.

İnsanları ətrafa yayılan tütün tüstüsünün təsirindən mühafizə etmək qarşıda duran əsas mühüm vəzifələrdən biridir. Bilmək vacibdir ki, tütün tüstüsünün təhlükəsiz səviyyəsi mövcud deyil və qapalı şəraitdə, hətta havalandırma sistemi olduqda belə, onun təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri mümkündür. Tütün tüstüsündən tam azad mühit yaratmaq üçün bütün ictimai və qapalı ərazilərdə tütün çəkilməsinin tamamilə qadağan edilməsi tələb olunur. Burada ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq” və  “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarına riayət edilməsi tələbləri üstün tutulmalıdır.

Eləcə də, siqaret çəkməyənləri, xüsusilə də yeniyetmə və gəncləri tütün məmulatlarının dolayı reklamı, sponsorluğu və stimullaşdırılmasından qorunması olduqca vacibdir. Belə ki, insanları tütün vitrinlərinin həvəsləndirici təsirindən qorumaq üçün pərakəndə satış yerlərində tütün məmulatlarının görünüşü tam qadağan edilməlidir.

Etiraf edilməlidir ki, ölkəmiz bu gün tütünlə mübarizə sahəsində çoxsektorlu yanaşmanın tətbiq edilməsinə çalışır, müxtəlif sahələrə aid dövlət proqramları və strategiyalarında tütünlə mübarizə məsələləri öz əksini tapır. Tütünlə mübarizə aspektlərini özündə cəmləşdirən www.tobaccocontrol.az milli internet platforması hər birimiz üçün tütünlə mübarizədə yardımçı ola bilər.

Əhəmiyyətlidir ki, tütünlə mübarizə sahəsində beynəlxalq, dövlət, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti cəlb olunmaqla geniş əhali təbəqələri,  xüsusilə də yeniyetmə və gəncləri əhatə edən ölkə əhəmiyyətli tədbirlər həyata keçirilir, dünya səviyyəsində aparılan tütünlə mübarizə tədbirlərində, təcrübə mübadiləsində, yerli və beynəlxalq layihələrdə fəal iştirak edilir.

Hər il bütün dünyada olduğu kimi, ölkəmizdə 31 may - Ümümdünya Tütünsüz Günü müxtəlif kütləvi tədbirlər və maraqlı aksiyalarla keçirilir. Ümumdünya Tütünsüz Gününə həsr olunmuş www.nosmoke.az onlayn aksiyası isə 2015-ci ildən başlayaraq davam edir.

Müasir texnologiyalardan istifadə edərək tütün epidemiyası ilə əlaqəli sağlamlıq riskləri barədə biliklərin artırılması və tütün çəkənlərin bu zərərli vərdişdən imtina etməsi məqsədi ilə ÜST-nin dəstəyi ilə ilk milli “Tütündən imtina et” mobil tətbiqi yaradılmışdir.

Bütün bu nailiyyətlər ən yüksək səviyyədə göstərilən siyasi dəstək sayəsində baş tutur ki, bu da Azərbaycanda aparılan tütünlə mübarizə tədbirlərinin bir çox dövlətlər üçün nümunə olacağına ümid verir.