UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42‑ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir. Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ö lüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il 31 may tarixində qeyd olunan Ümumdünya Tütünsüz Günü tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə ayrı‑ayrı ö lkələrin ictimaiyyətinin fəaliyyətindən xəbər verir.
Dünyada ölüm səbəblərinə gö rə tütün ikinci yerdə durur. Hazırda tütün böyüklərin hər on nəfərdən birinin ölümünə gətirib çıxarır (ildə təxminən 8 milyon ölüm hadisəsi). Tütünçəkmə ilə əlaqədar indiki tendensiyalar davam etsə və məqsədyönlü tədbirlər görülməsə, tütündən istifadə 21-ci əsrdə bir milyard insanın həyatına son qoya bilər.
Tütün və yoxsulluq arasında güclü əlaqə var. Bir çox tədqiqatlar göstərir ki, gəlir səviyyəsi aşağı olan bəzi ölkələrin ən kasıb ailələrində 10%‑dək ümumi xərclər tütünlə əlaqəlidir. Bu, o deməkdir ki, belə ailələrdə qida məhsulları, təhsil və tibbi yardım kimi vacib xərclərə daha az vəsait qalır. Sağlamlığa bilavasitə təsir etməkdən savayı tütün az qidalanma, səhiyyə xərclərinin artması və vaxtından əvvəl ölümə gətirib çıxarır. O həmçinin təhsilə xərclənəcək maddi vəsaitləri tütünə sərf etməklə savadsızlıq əmsalının artmasına şərait yaradır.
Təcrübə göstərir ki, tütünlə mübarizədə bir çox iqtisadi cəhətdən effektiv tədbirlər mövcuddur ki, bunları müxtəlif şəraitdə tətbiq etmək olar və bu tədbirlər tütün istehlakına xeyli təsir göstərə bilər. Maliyyə dəyəri baxımından ən səmərəli strategiyalara tütünün birbaşa və dolayı reklamının qadağan edilməsi, tütün məmulatlarının vergi və qiymətinin artırılması, bütün ictimai və iş yerlərində tütün tüstüsündən azad mühitin yaradılması və tütün məmulatlarının qutuları üzərində iri və aydın görünən sağlamlığa zərər barədə qrafik xəbərdarlıqların yerləşdirilməsi kimi bütün əhali miqyasında aparılan sosial‑siyasi tədbirlər aiddir. Bütün bu tədbirlər Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyasında əks olunub. Dünya ölkələrinin 2003‑cü ildə imzaladıqları Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyasına Azərbaycan da 2005‑ci il noyabrın 1‑də qoşuldu. Bu Konvensiya tütün istehlakı nəticəsində ö lüm hallarının və bütün dünyada tütündən istifadənin azaldılmasına yö nəldilən ilk beynəlxalq sənəddir. Beləliklə də 168 ölkənin iştirak etdiyi hərtərəfli müqavilə olan Tütünə qarşı mübarizə haqqında ÜST‑nın Çərçivə Konvensiyası müxtəlif sahələr üçün tütünlə mübarizənin beynəlxalq standartları və rəhbər prinsiplərini təyin edərək, tütün epidemiyasına qarşı qlobal mübarizədə ilk addım oldu.
Tütün epidemiyası ilə mübarizə sahəsində dünya ölkələrində olduğu kimi Azərbaycanda da səylər göstərilir. Belə ki, 2005‑ci ildə Azərbaycan Respublikasının “Tütünə qarşı mübarizə haqqında” ÜST‑nın Çərçivə Konvensiyasına qoşulması, tütünlə mübarizə üzrə qanunvericilik bazasının daim gücləndirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan zəruri addımlar ölkədə tütünə qarşı mübarizə sahəsində və insanların tütün tüstüsünün törətdiyi təhlükələrə qarşı cavab tədbirləri bariz nümunələridir.
Tütünlə mübarizə istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi bir sıra beynəlxalq, dövlət və qeyri‑hökumət təşkilatlarının əməkdaşlığı ilə uğurlu tədbirlər həyata keçirir. Bu tədbirlərin başlıca məqsədi ÜST tərəfindən epidemiya elan edilmiş və müasir dövrdə əhalinin sağlamlığının qorunması sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə hökumət, qeyri‑hökumət, beynəlxalq təşkilatların, ayrı‑ayrı vətəndaşların, bütövlükdə Azərbaycan cəmiyyətinin səylərinin birləşdirilməsinə və icra orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin təşkil olunmasına nail olmaqdır. Əhali arasında tütündən istifadəni azaltmağın əhəmiyyətini dərk edərək, müvafiq tədbirlər həyata keçirməklə bir çox insanların həyatını xilas etmək mümkündür.