UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Ümumi məlumat
Tütünçəkmə — tütün yarpaqlarının siqaret, qəlyan və s. şəklində istifadə edərək yandırılan zaman əmələ gələn tüstüsü ilə nəfəs almaqdır və dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir.
Siqaret (fr. cigarette - kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə - uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10-25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20-30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir.
Aktiv tütünçəkmə — qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir.
Passiv tütünçəkmə — ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir.
Nikotindən asılılıq sindromu — davranış, dərketmə və fizioloji simptomlar kompleksi olub, nikotinin təkrar qəbulundan sonra yaranır və adətən, təkrar olaraq qəbuletmə istəyini (tələbini) yaradır. Nikotinin qəbuluna nəzarətin çətinləşməsi həmin maddənin zərərli/öldürücü təsirinə malik olmasına baxmayaraq nikotinin davamlı qəbul edilməsinə, nikotinin dozasının yol verilən həddinin artmasına və bəzən abstinensiya vəziyyətinin yaranmasına gətirib çıxarır.
Tarixi faktlar
Tarixə nəzər salsaq tütündən geniş istifadə 19 əsrin ortalarında məhz kibritin icad edilməsindən başlandı, yəni siqareti yandırmaq üsulu asanlaşdı. 30 ildən sonra sənaye üsulu ilə ilk siqaret düzəldən qurğu hazırlandı və sonra siqaretlər öz “müasir” formasını aldı. Bu hadisələr tütün epidemiyasının (tütünçəkmənin və onun fəsadlarının geniş yayılmasının) başlanmasına təkan verdi.
Yerli amerikalılar (hindlilər) avropalılar qitəyə gəlməmişdən əvvəl tütündən istifadə edirdilər. İlk Avropa köçkünləri hindlilərdən siqaret çəkməyi öyrəndilər və sonradan getdikcə daha çox məşhurlaşacağı Avropaya gətirdilər. Yerli amerikalılar tütünü əyləncə məqsədi ilə deyil, öz ayinlərində və yalnız dini səbəblərlə təcrübəli şamanlar tərəfindən istifadə etdikləri halda, avropalılar tütünü əyləncə və istirahət üçün populyarlaşdırdılar.
Tütün Amerikanın cənubunun sürətlə kolonizasiyasına səbəb oldu. İlkin koloniyaların genişlənməsinin arxasında tütün istehsalını artırmaq istəyi dayanırdı. Avropalılar Amerikaya gətirdikləri qara qullarla tarlalarda tütün becərməyə başladılar.
Tütün 1500-cü illərdə Antil adalarından gələn ispan dənizçiləri tərəfindən İspaniyaya və oradan da Avropaya yayıldı.
Tütün çəkmək vərdişi tütünün vətəni Amerikada başlayıb. Yerli sakinlər dini mərasimlərində ətirli otlarla yanaşı tütün yarpaqlarından da ətir kimi istifadə edirdilər.
Tütün tüstüsü ilə nəfəs alan yerli sakinlər zaman keçdikcə adi qamışdan və bambukdan düzəldilmiş çubuqdan istifadə etməyə başlayıblar. Beləliklə, tənbəki çubuğun ən qədim forması ortaya çıxdı.
Xristofor Kolumb Amerikanı kəşf edənə qədər Avropanın tütün və onun çəkmə vərdişləri haqqında məlumatı yox idi.
Kolumb və dostları qırmızı dərili hindlilərin qarğıdalı qıçasına bükülmüş quru otu çəkdikləri, ağızlarından və burunlarından tüstü çıxardıqlarını və yerli əhalinin onu “tabako” və ya “tombak” adlandırdıqlarını görüb heyrətə gəldilər.
Amerikanı kəşf edən portuqal və ispan dənizçilərinin əvvəlcə buna öyrəşməsi, sonra isə özləri ilə başqa şəhərlərə aparması nəticəsində tütün çəkmək adəti geniş yayılmağa başlayıb.
İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853-1856) sonra yayılmağa başlayıb. Türk və rus əsgərləri tütünü barıtın kağız gilizinə büküb çəkirdilər. Daha sonra bu adət ingilis və fransız əsgərləri arasında yayıldı. Avropada ilk siqaret fabriki Londonda inşa olunub.
1880-ci illərdə ABŞ-da siqaret istehsalı üçün nəzərdə tutulan ilk cihazlar yaradıldı. Siqaretlerin istehsalında yeni növ tütünlərdən (məsələn, "Ağ Berli") istifadə olunurdu. Bu siqaretlər filtirsiz istehsal olunub və papirosu xatırladıb.
İlk dəfə asbest filtirli siqaretlər tanınmış "Kent" markası tərəfindən İngiltərədə istehsal olunub. Daha sonra təkmilləşərək müasir filtir növləri yaradılıb. Yeni filtirlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılıb.
1847-ci ildə əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olan məşhur Philip Morris şirkətinin əsası qoyuldu. 1902-ci ildə Nyu-Yorkda nümayəndəliyini yaratdıqdan sonra marketinqlə məşğul olmuş və Marlboro siqaretlərinin istehsalına başlamışdı. Siqaretlər əksəriyyət tərəfindən istifadə olunmağa başlanılır və 1913-cü ildə R.J.Reynolds şirkəti "Camel" siqaretlərinin istehsalına başlayır.
1920-ci ildən başlayaraq təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başladılar. 1939-cu ildə American Tobacco Company yeni marka - Pall Mall siqaretləri buraxır (bundan sonra ABŞ-ın ən böyük tütün şirkətinə çevrilir). Reynolds Winston filtirli yeni marka siqaretlərinin istehsalına başlayır.
1940-1950-ci illər siqaret təsərrüfatının "qızıl" illəri hesab olunur.
Əsas mahiyyəti
Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. Hazırda hər il dünyada tütünün törətdiyi xəstəliklər nəticəsində 8 milyon insan ölür. Tütün, ondan mütəmadi şəkildə istifadə edənlərin, demək olar ki, yarısının ölümünə səbəb olur. Orta hesabla dünya əhalisinin 29%-i siqaret çəkənlərdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər arasında (47,5%) daha çox yayılmışdır. İndiki tendensiyanın qalacağı halda XXI əsrdə tütündən ümumilikdə 1 milyard insanın öləcəyi gözlənilir. Dünyada 1 milyard siqaret çəkənin 80%-i gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə yaşayır. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu, adətən, passiv siqaretçəkmə adlandırılır. Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 7000 zərərli kimyəvi maddə var. Bu maddələr (qatran, mürəkkəb kimyəvi maddələr, aromatizatorlar və s.) insanın orqanizminə zərərli təsir göstərir. Tütün tüstüsündə olan nikotin və qarmin kimi psixoaktiv maddələr mərkəzi sinir sistemini stimulyasiya edərək eyforiya hissi yaradır və müvəqqəti olaraq yorğunluğu, yuxululuğu, əzginliyi aradan qaldıraraq iş qabiliyyətinin və yaddaşın yüksəlməsi effektini göstərir. Nəticədə yaranmış nikotindən asılılıq tütünçəkmənin davam etməsinə gətirib çıxarır. Passiv tütünçəkmə böyüklərdə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda ölümə gətirib çıxara bilir. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu da uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır. İkincili tütün tüstüsü ayrı-ayrı insanların, müəssisələrin və ümumilikdə cəmiyyətin iqtisadi xərclərinə təsir etməklə, səhiyyənin birbaşa və dolayı xərcləri şəklində məhsuldarlıq itkilərinə gətirib çıxarır. İkincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Tütünçəkmənin güclü vərdiş və hətta asılılığın formalarından biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula bilir.
Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər
Onkoloji xəstəliklər: tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qan törədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də, tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidikcinsiyyət orqanlarının, qan törədici sisteminin xərçəng xəstəliyinin yaranması riski artır.
Ürək-damar xəstəlikləri: ateroskleroz, beyin və ürək-damar xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı ehtimalı artır.
Tənəffüs yolları xəstəlikləri: ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə ağciyər xəstəliklərinin yaranması ehtimalı artır.
Reproduktiv sağlamlıq: Siqaret çəkən qadınlarda fertillik zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Tütün çəkən kişilərdə impotensiyanın yaranması ehtimalı çəkməyənlərə nisbətən çoxdur. Hamiləliyin ağırlaşmaları: vaxtından əvvəl doğuş, ciftin vaxtından əvvəl ayrılması.
Yenidoğulmuşlarda fəsadlar: normadan aşağı çəkili yenidoğulmuşlar, ağciyərlərin tam inkişaf etməməsi və qəflətən ölüm sindromu.
Digər xəstəliklər: kataraktlar, mədənin peptik xorası, immun sisteminin zəifləməsi. Tütün çəkənin xarici görünüşü dəyişilir. Tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər.