UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. XXI əsrdə bu səbəbdən 1 milyard insanın ölümü gözlənilir. Yanan siqaret nadir kimyəvi fabrikə bənzəyərək, 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən 70-dən çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir.
Tütün ağ ciyərlərdə 90 % hallarda xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək xərçəng xəstəliklərinin digər formalarının yaranmasına səbəb olur. Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəlir.
Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarır ki, bu da onların zədələnməsi ilə nəticələnir. Tütün tüstüsü ağız boşluğuna və mədə-bağırsaq sisteminə də təsir edir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağrsağın xərçənginin, eləcə də xroniki xəstəliklərin yaranma ehtimalı yüksəkdir. Siqaret çəkən kişilərdə cinsi orqanların qan damarlarının daralmasına görə impotensiyanın (cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə nisbətən 2 dəfə çoxdur.
Hamiləlik zamanı qadının orqanizminə daxil olan yanan siqaret zərərli maddələri dərhal bətnindəki uşağa keçir. Nikotinin təsirindən dölün oksigen çatışmazlığı yaranır. Zərərli maddələr uşağın bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Siqaret çəkən qadınların uşaqları az çəki ilə dünyaya gəlir, uşaqlarda əqli çatışmazlıq qeydə alınır, onlar tez-tez xəstələnir və çox vaxt uşaqlıq dövründə olurlar. Tütün çəkənin xarici görünüşü dəyişilir.
Tütünçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Bəzən insanlar səhvən düşünürlər ki, siqaret çəkməklə bədən çəkisinə nəzarət etmək olar. Düzgün pəhriz və fiziki məşqlər siqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir. Passiv tütünçəkmə-tütün tüstüsü ilə çirklərmiş hava ilə nəfəs almaqdır.
Sübut edilmişdir ki, passiv tütünçəkmə ağ ciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və aterosklerozun inkişafına səbəb ola bilər. Passiv tütünçəkmə xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Az siqaret çəkmək o demək deyil ki, öz sağlamlığınıza zərər vurmursunuz. Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan ən təhlükəsiz tütünçəkmə üsuludur. Adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox zərərli maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur.
Qəlyan adi siqaret çəkən insanlardakı xəstəliklərin yaranmasına səbəb olur. Bəzi adamlar mentollu, nanəli və digər yanlış olaraq “yüngül” adlandırılan siqaret çəkirlər. Əlavə kimyəvi maddələr hesabına belə siqaretlərin zərəri dəfələrlə artır. Eyni zamanda sərinləşdirici təsirə malik olduğu üçün insanlar tüstünü ağ ciyərlərdə daha çox saxlayırlar.
Tütünçəkmə insanın sağlamlığına zərər gətirməklə yanaşı, ona həm də ciddi maddi zərər vurur. Siqaret çəkən şəxs siqaretə xərclədiyi məbləği digər zəruri ehtiyaclarına yönəldə bilər. Siqaret çəkənlər tüstü vasitəsilə atmosferə küllü miqdarda zəhərli maddələr “püskürür” və bununla da ətraf mühitə və insanlara zərər vurur. Siqaretçəkmələr arası yaranan fasilələr zamanı orqanizmə nikotin daxil olmur. Siqaret çəkməyə ehtiyacı olmasa da, orqanizm artıq nikotinə vərdiş edib və ona tələbatı var. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress hallarını daha da artırır. Siqaretçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğuna baxmayaraq milyonlarla insanlar bu təhlükədən qurtula bilir.
Sonuncu siqareti atan kimi:
8 saatdan sonra
Ağ ciyərlərdəki dəm qazının səviyyəsi yarısına qədər enəcək və oksigenin səviyyəsi normallaşacaq.
2 gündən sonra
Nikotin bədəndən xaric olunacaq. Ürək xəstəlikləri ehtimalı azalacaq. İy və dad reseptorlarının funksiyası qaydaya düşəcək.
2 həftədən
Qan dövranı artacaq və gələn 10 həftə ərzində bu artım davam edəcək.
1 ildən sonra
Ürək xəstəlikləri ehtimalı yarısına kimi azalacaq.
5 ildən sonra
İnsult riski siqaret çəkməyən adamlardakı kimi olacaq.
10 ildən sonra
Ağ ciyər xərçəngi ehtimalı siqaret çəkməyən adamlardakı kimi olacaq.
Unutmayın! Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir!