UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütün və sağlamlıq

XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur.

XXI əsrdə bu səbəbdən 1 milyard insanın ölümü gözlənilir.

Tütün dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hər il tütünün törətdiyi xəstəliklər nəticəsində 6 milyonadək insan vəfat edir, yəni orta hesabla hər 6 saniyədə bir nəfərin dünyasının dəyişməsi səbəbi tütündür.

Yanan siqaret nadir kimyəvi fabrikə bənzəyərək, 4 mindən çox müxtəlif birləşmə, o cümlədən 40–dan çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir.

Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Eyni zamanda ürək-damar və digər xəstəliklərin inkişafı ehtimalını yüksəldir. Hamiləlik zamanı qadının orqanizminə daxil olan yanan siqaretin zərərli maddələri dərhal bətnindəki uşağa təsir edir.

Tütün məhsullarının yanması nəticəsində yaranan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu adətən passiv siqaretçəkmə adlandırılır.

Passiv siqaretçəkmə - tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır. Yandırılmış siqaret, əsas tüstü axını ilə yanaşı, ətrafa təsir edən tüstü axını mənbəyidir. Bəzi maddələr yan tüstü axınında daha çox olur. Sübut edilmişdir ki, passiv siqaretçəkmə ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir. Passiv siqaretçəkmə xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir.

İkincili tütün tüstüsü ilə nəfəs almaq sağlamlıq üçün TƏHLÜKƏLİDİR! Passiv siqaretçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur ki, bu da sonda ölümlə nəticələnə bilir.

Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir və onların təmiz, zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ vardır. İctimai və qapalı yerlərdə siqaret çəkənlər ətrafdakıların sağlamlığına təhlükə törədirlər.

Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyadakı bütün uşaqların demək olar ki, yarısı) tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Tütün tüstüsünün ikincili qəbulu  uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır. Uşaqları qoruyun: tütün tüstüsü İlə nəfəs almağa şəraİt yaratmayın!

ONLARIN TƏMİZ NƏFƏS ALMAQ HÜQUQU VAR!

Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən hər il ən azı 200 000 işləyən insanlar iş yerlərində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində həlak olurlar.

İkincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtrlər, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz.

Yalnız sİqaretçəkmədən 100% AZAD OLAN YERLƏR EFFEKTLİ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDƏ BİLƏR!

Siqaretçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğuna baxmayaraq milyonlarla insanlar bu təhlükədən qurtula bilir. 

 Sonuncu siqareti atan kimi:

  • 20 dəqiqə ərzində qan təzyiqi normal səviyyəyə çatır, ürəyin funksiyası bərpa olunur;
  • 8 saatdan sonra qanda olan oksigenin miqdarı normallaşır;
  • 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, dərinin, saçların, nəfəsin xoşagəlməz iyi yox olur;
  • 1 aydan sonra tənəffüs yüngülləşir, yorğunluq, xüsusilə səhərlər olan baş ağrıları keçir, öskürək narahat etmir;
  • 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən şəxslə müqayisədə yarıya enir;
  • 5 ildən sonra isə ağ ciyər xərçəngi ilə xəstələnmək ehtimalı gündə bir qutu siqaret çəkən şəxslə  müqayisədə kəskin azalır.