UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Insanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür.
Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 6 milyondan artıq insan vəfat edir. 20-ci əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək ölənlərin sayının ildə 8 milyona çatması və ümumi olaraq 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Orta hesabla dünya əhalisinin 30%-i siqaret çəkəndirlər. Azərbaycanda da kişilərin təxminən yarısı siqaret çəkir. Siqaretçəkmə qadınlara nisbətən kişilər arasında daha çox yayılıb. Tədqiqatlar göstərir ki, əksər hallarda tütündən istifadə ilə bağlı sağlamlığa dəyən zərər ondan istifadə etməyə başladıqdan illər və ya onilliklər ötdükdən sonra özünü göstərir. Bu da o deməkdir ki, tütün məmulatlarının istehlakının qlobal səviyyədə geniş miqyas alması şəraitində tütün səbəbindən baş verən xəstəliklər və ölüm epidemiyası yalnız indi başlayır.
Tütünə aludəçilik
Siqaret çəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Yeniyetmələr adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmir. Gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edir. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir. Çəkilən siqaretlər arası yaranan fasilələr zamanı orqanizmə nikotin daxil olmur. Siqaret çəkməyə ehtiyacı olmasa da, orqanizm artıq nikotinə vərdiş edib və ona tələbatı var. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress hallarını daha da artırır.
Tütün tüstüsünün tərkibindəki maddələr
Ümumiyyətlə, insanların əksəriyyəti bilir ki, siqaret çəkmək zərərlidir, lakin az adamlar bunun təhlükələri barədə tam məlumatlıdır. Yanan siqaret 4 mindən çox müxtəlif kimyəvi birləşmə, o cümlədən, 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Həmin maddələrə misal olaraq Karbon monoksid (avtomobildən xaric olan qazın tərkibində vardır), Kadmium (batareyaların istehsalında istifadə olunur), Vinil xlorid (boru istehsalında istifadə olunur), Polonium-210 (radioaktiv və çox zəhərlidir) və s. kimi maddələri göstərmək olar.
Tütünçəkmənin yaratdığı xəstəliklər
Siqaret - ağciyər xərçəngi başda olmaq üzrə, nəfəs yollarının xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri, düz bağırsaq, uşaqlıq, böyrək, mədəaltı vəzi, öd kisəsi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və mədə xərçəngi xəstəliklərinin əmələ gəlmə riskini artırır. Həmçinin kişilərdə də gücsüzlük, iflic, xora, sonsuzluq və başqa xəstəliklərə səbəb olur.
Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25% -i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Əksər siqaret çəkən insanların həyatı 15-20 ilədək qısalır. Həqiqətən, siqaretçəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçır. Bir tərəfdən, siqaret çəkən buna xüsusi diqqət yetirmir, digər tərəfdən isə o, siqaretçəkmənin sağlamlığa vurduğu zərərlər barədə düşünmək istəmir. Ilk dövrlərdə siqaretçəkmə sağlamlığa öz təsirini büruzə vermir, lakin illər ötdükcə bunu hiss etmək mümkün olur.
Tütünçəkmənin müxtəlif orqan və sistemlərə göstərdiyi təsirlər
Ağciyərlərə
Siqaret çəkənlərdə tez-tez təngnəfəslik yaranır, çünki onlarda ilk növbədə ağciyərlər zədələnir. Tütün çəkənlər ildən ilə özlərini halsız və daha yorğun hiss edirlər və tez-tez soyuqdəyməyə məruz qalırlar. Əksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaretçəkmədir.
Ürəyə
Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərinin inkişaf ehtimalı yüksəlir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir, ürəkdə infarkta, beyində isə insulta səbəb olur.
Cinsi orqanlara
Siqaret çəkən kişilərdə qan damarlarının daralmasına görə impotensiyanın (cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə nisbətən 2 dəfə çoxdur.
Həzm sisteminə
Siqaretçəkmə həzm sisteminə birbaşa təsir edir, çünki tütün tüstüsündə olan nikotin, qətran və digər zəhərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür. Siqaret çəkənlərin çoxu qastrit və ya mədə xorasından əziyyət çəkir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərin yaranma ehtimalı yüksəkdir.