UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Bullinqə kim və nə üçün məruz qalır?

Son vaxtlar bullinq mövzusu açıq müzakirə olunsa da, qurbanlarla bağlı qərəzli mövqe hələ də özünü göstərməkdədir. Tanınmış və tanınmamış insanlar öz hekayələrini, başlarına gələnləri ictimaiyyətə açıqlayır. Mənə elə gəlir ki, həm uşaqlar, həm də böyüklər bullinqə məruz qalan şəxs haqqında yanlış məlumata və ya düşüncəyə maikdirlər.

“Onun zorakılığa məruz qalması heç də təəccüblü deyil. Çünki o çox vaxt qəribə, fitnəkar, davakar, fərqli və yöndəmsizdir” nümunəsindən belə çıxır ki, bəzi insanlar bullinqə layiqdir və zəif uşaqları yoldaşlıqdan kənarlaşdırmaq, təcrid etmək olar. Əminəm ki, çətin uşaqlar yoxdur, uşaqların çətinlikləri var. Hər bir davranışın bir səbəbi var. Heç kim layiq olduğu üçün zorakılığa, məsxərəyə, təklənməyə məruz qala bilməz. Bu, təcavüzə məruz qalan bir insanın törədilmiş hadisəyə görə məsuliyyət daşımalı olduğunu iddia edən qərəzli mövqeyə bənzəyir.

Bullinqə kim və nə üçün məruz qalır?

Əvvəllər bullinqin qurbanları zəif uşaqlar hesab edilirdi. Onların fərqli görkəmi, davanışı olur və özlərini müdafiə edə bilmirdilər. Hələ də bəziləri düşünür ki, ağır çəkili, çəlimsiz, kürən, çilli, eynəkli və ya sivilcəkli fiziki görünüşə malik uşaqlar daha çox bullinqə  məruz qalırlar. Bundan əlavə, bullinqin qurbanları arasında adətən öz hərəkətləri ilə başqalarını qıcıqlandıran uşaqlar da olur. Müasir tədqiqatlar və təcrübə göstərir ki, qurbanlar tam təsadüf nəticəsində seçilir. Belə ki, təhsil və idman sahəsində uğur qazanan uşaqlar da sırf paxıllıq üzündən bullinqə məruz qalırlar.

Zorakılığa məruz qalan bütün uşaq və yeniyetmələrin bir ümumi cəhəti var: həssaslıq. Onlar qorxur, ağlayır, gizlənməyə çalışır. Belə uşaqları incitmək və hirsləndirmək çox asandır. Qurbanların nümayiş etdirdiyi zəiflik məhz bullinqi törədənlərin arzuladıqları davranışdır. Bu reaksiya bullinqi törədən şəxsə uzunmüddətli məmnunluq hissi “bəxş edir” .

Qızımın sinif yoldaşları onunla pis rəftar etdikdə müəllimlərdən biri burada qeyri-adi bir şeyin olmadığını demişdi. Qızım o biri uşaqlardan savadına və xasiyyətinə görə xüsusilə seçilirdi. Uşaqlar onun istedadını və həssaslığını qəbul edə bilmirdilər. Bizə vəziyyəti anlayışla qarşılamağı, qızımla onun bacarıqları haqqında az danışmağımızı (yəni qızıma sinif yoldaşlarından savadına və istedadına görə fərqləndiyini az hiss etdirməyi – red.) xahiş etdilər. Belə olduqda qızımla digər şagirdlər arasındakı fərq çox gözə çarpmazdı, yəni uşaqlar daha az qıcıqlanardılar. Bizə həmçinin tövsiyə etdilər ki, qızıma güclü ədalət duyğusunu büruzə verməməyi, gizlətməyi öyrədək. Çünki başqa uşaqlar onun ədalətli davranışlarını anlamırdılar. Məktəblə gəzintiyə gedəndə qızımı təklədiklərinə görə uşaqlara ilk dəfə açıq etiraz etmişdi. Məhz bu hadisədən sonra müəllimlər yuxarıda qeyd olunan məsləhətləri bizə bildirməyi lazım bilmişdilər. Onlar deyirdilər ki, qızımızın yanaşmasını (nəticə etibarilə düşüncəsini, xasiyyətini-red). dəyişib onu digərlərinə oxşatsaq, o, məktəbin ilk illərində məruz qaldığı istehzalı davranış və münasibətdən canını qurtarar. Bundan başqa, qızımızın bu cür problemlərlə üzləşməsində özümüzü günahkar hiss etdik. Biz müəlliməyə açıqfikirli, hər şey maraqlanan, öyrənməyə həvəsli, tez-tez suallar verən qızımızı məktəb rəhbərliyinin qeyd etdiyi kimi, “xüsusi” böyütməyə çalışmaqdansa, olduğu kimi qəbul etdiyimizi izah elədik. Qızımızın olduğu kimi qalmasını arzuladığımızı bildirdik. Lakin eyni zamanda gedişatdan anladıq ki, məktəb rəhbərliyi digər şagirdlərin qızımıza qarşı kobud rəftarının qarşısını almaq üçün müəyyən tədbirlər görməyə hazır deyil (ümumiyyətlə məktəb məsələnin mahiyyətini qavramır – red). Üstəlik, rəhbərliyin şagirdlərə hər bir uşağın məktəb ailəsinin bir parçası olmaq hüququna malik olduğunu izah etməməsi məni bir ana kimi çox məyus etdi. Bundan savayı, bizə izah etdilər ki, yeganə problemi olan valideynlər bizik, çünki problem elə bizim özümüzdədir.

İndi o məsələdə obyektiv olmadığımı və olmaq belə istəmədiyimi anlayıram. Bir düşüncə hələ də məni rahat buraxmır: əgər məktəb bu məsələni araşdıraraq müvafiq tədbirlər görsəydi, məsələ tamamilə başqa istiqamətə yönələrdi. Bu da, birincisi, digər şagirdlərin davranışına təsir edə, ikincisi, qızımın sinif yoldaşları ilə münasibətinin yaxşılaşmasına şərait yarada bilərdi.

“Mən buna layiqəmmi? Bullinq, ümid və məsuliyyət haqqında” adlanan ilk kitabım məhz bu haqdadır: bir çox böyüklərin və uşaqların yanlış olaraq bəzi uşaqların qeyri-adi və fərqli olduqlarına görə çevrəsi tərəfindən zorakılığa məruz qalmağa layiq olduğunu düşünmələri barədə. Onlar çevrələrindən tez-tez belə davranış gördükdə gəldikləri nəticənin həqiqət olduğunu güman edirlər. Buna görə də həm böyüklər, həm də uşaq mütəxəssisləri dəqiq bilməlidilər ki, çətin uşaqlar yox, çətinliklə üzləşən uşaqlar olur. Heç kim, xüsusilə də davranışları ilə fərqlənən uşaqlar bullinqə, ələ salınmağa və sosial təcridə layiq deyillər.

Qurbanın əlamətləri

Öz övladının, yaxud özgə uşaqların bullinqə məruz qaldığını müəyyənləşdirmək o qədər asand deyil. Çox güman ki, bu bizim qorxduqlarımızı görmək istəməməyimizlə əlaqədardır, ona görə də müvafiq əlamətlərə fikir vermirik. Bu həmçinin onunla əlaqədardır ki, bəzi uşaqlar problemi balanslaşdırır və özünü elə aparır ki, sanki hər şey qaydasındadır. Bəzi uşaqlar isə baş verənləri izah etməyi bacarır və rasional səbəblər axtarır. İnstuisiyanın nəyinsə tərs getdiyini, övladımızın özünü qəribə olduğunu bizə desə də, dəqiq nə baş verdiyini müəyyən edə bilmirik.

Aşağıdakı əlamətlərə diqqət yetirmək vacibdir:

  • Tez-tez ünvanına alçaldıcı atmacalar söylənilir, daim xətrinə dəyilir və ələ salınır
  • Digər uşaqlar tərəfindən təzyiqə məruz qalır
  • Fiziki təzyiqlərlə üzləşəndə özünü müdafiə edə bilmir
  • Uşaqlar tez-tez pulunu, kitablarını və əşyalarını əlindən alır, ya da korlayırlar
  • Evə göyərmələr, çapıqlar və cırılmış paltarla gəlir və səbəbini soruşduqda əsassız səbəblər deyib olanları gizlədir
  • Komanda oyunlarında heç vaxt iştirak etmir
  • Komanda oyunlarında həmişə oyuna cəlb olunan ən axırıncı uşaq olur
  • Daimi dostları olmur, münasibətləri tez-tez dəyişir
  • Tənəffüslərdə digər uşaqlarla oynamaq əvəzinə ya böyüklərə sığınır, ya da çöldə gəzişir
  • Sinif yoldaşlarının qarşısında danışmaqdan çəkinir
  • Məktəbə getməkdən və ya məktəbdən kənar fəaliyyətlərdə iştirak etməkdən ya qorxur, ya da həvəssiz yanaşır
  • Dərslərə marağı qalmayıb
  • Nə harasa dəvət olunur, nə də kimisə harasa dəvət edir
  • İştahası pisləşir, gecələr narahat yatır, tez-tez qarabasmalar görür, yuxuda ağlayır, baş ağrıları olur, özünə xəsarət yetirir.
  • Bəziləri hətta içki qəbul edir, narkotikdən istifadə edirlər.

Diqqət! Bu əlamətlər başqa səbəblərdən də ola bilər, lakin bullinq istisna edilməməlidir.