UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Bullinq nə deməkdir?

Bullinqi daha yaxşı anlamaq, onun haqqında məlumat vermək və qarşını almaq üçün ümumi qəbul edilmiş anlayışları təhlil etmək vacibdir. Bullinq bir nəfərin və ya qrup halında bir neçə nəfərin bir şəxsə qarşı ixtiyari, məqsədli və təkrar şəkildə  törədilmiş neqativ davranışları kimi anlaşılır. Bu zaman bullinqi törədən (buller – red.) arasında güc balansı baxımından qeyri-bərabərlik müşahidə olunur. Məhz bu tərif kitabda bullinq anlayışının izahında və müzakirəsində əsas götürülmüşdür.

Birbaşa və dolayı bullinq

Bullinq əsasən iki formada özünü göstərir. Birbaşa bullinq fiziki güc, təzyiq, ələ salmalar və təhqir formasında meydana çıxdığı halda, dolayı bullinq fərqləndirmə, şayilər, saxta dostluq və kiberbullinq formasında törədilə bilər (“Gizli bullinq” mövzusunda bu formaya toxunacağam).

Uşaq və yeniyetmələrlə işləyən bir çox tədqiqatçılar və mütəxəssislər son zamanlar fiziki güc tətbiqinin azaldığı, baş verdiyi halda isə daha qəddar və amansız şəkildə törədildiyi qənaətinə gəliblər. Həmçinin onlar son dövrdə fiziki gücün daha çox qızlar tərəfindən tətbiq edildiyi fikrini də irəli sürürlər. Ən geniş yayılmış forma verbal (şifahi) zorakılıq olduğu halda, fiziki bullinq həm qızlara, həm də oğlanlara qarşı törədilir. Bundan əlavə, bir çox hallarda qızlar məhz oğlanlar tərəfindən bullinqə məruz qalırlar.

“Mən həmişə məktəbdə problemlər yaşamışam. Beşinci sinifdən etibarən görünüşüm və ailəmlə bağlı bullinqə məruz qalmışam. Hətta bəzən dinlədiyim musiqiyə görə alçaldılmışam. Bəzən döyülmüş, təpiklənmişəm, hətta üstümə tüpürüblər.  Bir dəfə məndən yaşca böyük bir dəstə oğlan məni yeri yıxıb üzümə təpiklə vurdu. Həmin hadisədən sonra üzümdə çapıq qalıb”

(14 yaşlı qız) .

Birbaşa və dolayı bullinq arasında fərq olsa da, bir şeyi vurğulamaq yerinə düşər ki, bullinq çox vaxt ona müdaxilə etməyə iqtidarı olan böyüklərdən gizli formada törədilir. Uşaq və yeniyetmələr qurbanlarını bullinqə məruz qalmağın “əlverişli” vaxtını çox yaxşı bilirlər.

Dolayı bullinq həmçinin “sosial təcrid” və ya gizli bullinq” adlandırılır. Bu zorakılıq sosial münasibətlər zamanı ortaya çıxır və həm uşaqlar, həm də böyüklər arasında rast gəlinir. Bullinqin bu formasının çox vaxt “biçinq! adlandırılması əvvəllər məhz qızlar arasında baş verən çəkişmələri əhatə etməsi ilə əlaqədardır. Həm mütəxəssislər, həm də gənclər gizli bullinqin oğlanlar arasında da geniş vüsət aldığını bildirirlər. Bu mülahizələr məktəblər tərəfindən aparılan illik anketlər və 2011-ci ildə mobil operatoru Telenor tərəfindən keçirilən sorğu nəticəsində də öz təsdiqini tapmışdır. Sorğular oğlanların daha çox internet üzərindən bullinq tətbiq etdiyini də göstərir.

Bir sözlə, bullinqi təhlil edərkən istifadə etdiyimiz sözlər və istilahlar bu anlayışı qavramağa və onun öhdəsindən gəlməyə təsir edir. Mütəxəssislərin, həmçinin valideynlərin məsələni araşdırarkən istifadə etdikləri terminlərdə gender bərabərsizliyinə yol verməmələri çox vacibdir. Bunun bəzən “qız işləri” adlandırmaqla məsələnin miqyasını kiçildərək diqqəti onun səbəb ola biləcəyi təhlükədən yayındıra bilərlər. “Qız işləri” və ya “biçinq” sözlərindən istifadə etməklə biz bir mənada oğlanların gizli bullinqə məruz qalmalarına göz yummuş və eyni zamanda, onların öz problemlərini düzgün terminlə adlandırmalarına mane olmuş oluruq. Gizli bullinqi bu kimi qeyri-dəqiq və səhv ifadələrlə təsvir etmək bir tərəfdən oğlanlara qarşı bullinqə göz yummağa, digər tərəfdən isə qızların problemlərinə “adi hal” kimi etinasız yanaşmağa gətirib çıxarır.

“Məktəbdə uşaqlar məni görəndə gözlərini süzür, bəzən isə bir-birlərinə baxıb: “Bəh-bəh deyəsən, özünə təzə paltar alıb”, - deyə pıçıldayırlar. Bir dəfə axmaqlıq edib onların sözlərinə inandım və onlara təşəkkür etdim. Onlar qəhqəhə çəkib uzaqlaşdılar. Paltardəyişilən otaqda çantamı nə vaxt digər oğlanların çantasının yanına qoysam, onu başqa yerdə tapıram. Üstəlik, oğlanlar öz əşyalarını heç vaxt mənim əşyalarımın yanına qoymurlar. İnsanlar öz ikrah hisslərini sözsüz də ifadə edə bilirlər...”

Sərhədi necə müəyyən etməli?

   Son vaxtlar sadə insanlar və mütəxəssislər bullinqə  qeyri-dəqiq tərif verildiyini müzakirə edirlər. Hətta bəzi şəxslər iddia edirlər ki, bəzi valideynlər uşaqlarına həddən artıq həssas yanaşaraq onların özünümüdafiə sisteminin formalaşmasına mane olur və beləcə, əslində, onların məsxərəyə qoyulası vəziyyətə salırlar.

    Bullinqə məruz qalan, zorakılıq törədən və ailə üzvü kimi birbaşa bullinqlə əlaqəsi olan yüzlərlə insanla danışdıqdan sonra belə qənaətə gəldim ki, problem insanların əsassız olaraq bullinqə məruz qaldığını iddia etməsindən daha çox, əslində, yaşadıqlarını gizlətmələrindədir. Bu, uşaq və böyüklərin son zamanlar tənqidə qarşı dözümsüz olmaları və hər cür bəhanə gətirərək özlərini qurban saymaları haqqında məşhur nəzəriyyə ilə ziddiyət təşkil edir. Bu yanaşmanın tərəfdarları başqalarını rahatlıqla etiketləyir və bir çoxları üçün ağrılı və iztirablı vəziyyətlərin ciddiliyini nəzərə almırlar.

       Bundan əlavə, bəziləri hesab edir ki, əgər kimsə çox danışırsa, yersiz suallar verirsə yaxud əyin-başından pis qoxu gələrsə, ətrafdakı insanların iradlarını eşitməyə hazır olmalıdırlar. Lakin iradların sayı həddən artıq çox olanda problemə çevrilir. Güclü və sistematik fikir ayrılığı, tənqid, sarkazm və ələ salmalar ayrı-ayrılıqda çox da dəhşətli görünməsə də, ümumilikdə bullinq kimi eyni təsirə malik olur.

Uşaqların xoşagəlməz konfiliktləri və mütəmadi çəkişmələrini bullinqlə qarışdırmamaq üçün biz böyüklər uşaq və gənclərlə konstruktiv tənqid haqqında danışmalı və onlara həyatın heç də həmişə ədalətli olmadığını izah etməliyik. Biz onlara başa salmalıyıq ki, narazılıqlar xoş olmaya bilər, lakin bu heç də psixoloji zorakılıqların qurbanı olmaq demək deyil. Uşaqlara mübahisələrə və tənqidlərə normal yanaşmağı və bunları əsl bullinqdən fərqləndirməyi öyrətmək lazımdır. Bununla da həm uşaqlar, həm də böyüklər gələcəkdə üzləşdikləri çətin situasiyaların öhdəsindən gəlməyi bacararlar.