UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Qida etiketlərini oxumaq nə üçün vacibdir? Qida etiketlərini məhsulun pasportu adlandırmaq olar. Qida məhsullarının üzərində olan etiketlərə diqqət yetirməklə sağlamlığınıza nəzarət etmiş, bəzi hallarda isə həyatınızı qorumuş olursunuz. Azərbaycan ərazisində istehsal, habelə idxal, ixrac edilən malların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları brədə izahat vərəqələri, eləcə də digər yazılar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində mütləq olmalıdır.
Qida məhsulunu seçərkən:
- İlk olaraq məhsulun istehsal tarixi və yararlılıq müddətini yoxlayın. Saxlanma müddəti uzun olan məhsullardan çəkinin, bu, çox miqdarda konservantların olmasından xəbər verir.
- Məhsulun tərkibini diqqətlə oxuyun. Əsasən 100 q məhsulla göstərilən ümumi kalorisinə, zülal, yağ və karbohidratların miqdarına nəzər yetirin.
- Məhsulun istehsalçısına və sertifikatına diqqət yetirin.
- Şəkərli içkilərdən (şərbət, limonad və s.), həmçinin tərkibində transyağlar və doymuş yağlar olan şəkər mənşəli şirniyyatlardan çəkinin.
Etiketlərdə yazılanları təkcə oxumaq deyil, onları düşünüb nəzərə almaq vacibdir.
Etiketlərdə hansı məlumatlar əks olunmalıdır?
Etiketinin üzərində məhsulun:
Adı
Növü
Tərkibi
İstifadə sahəsi və qaydaları
İstehsal tarixi və yararlılıq müddəti
Saxlanma şərtləri
İstehsalçının adı, ünvanı
Normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır.
İşıqfor etiketlənmə
Artıq dünyanın bir çox ölkələrində qida məhsullarının üzərində “işıqfor etiketlənmə” cədvəli mövcuddur. Bu cədvəldə qida məhsulunun tərkibində olan şəkərin, duzun, yağın, doymuş yağın miqdarı az, orta və ya çox olmaqla işıqforun rəngləri əsasında, hamı üçün aydın üsulla göstərilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, işıqfor etiketlənmə:
Qidanın tərkibindəki maddələrin miqdarını göstərir və sağlam məhsulları sadə və sürətli yolla tanımaqda kömək edir;
Qidanın ümumilikdə sağlam olub-olmadığını müəyyən etmək onun ümumi tərkibi haqqında məlumat verir;
Müxtəlif məhsulları müqayisə etməyə imkan yaradır.
Yalnız etiketləri aydın oxunan məhsullar alın, bununla sağlamlığınızı və həyatınızı qorumuş olarsınız! Qida məhsullarının tərkibində olan bəzi maddələrin həddindən artıq qəbulu (doymuş yağlar, duz, şəkər və s.) bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər (məsələn, şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklər). Onların gündəlik qida qəbulunda istifadəsini məhdudlaşdırmaq və ya minimuma endirmək lazımdır.
Qida məhsullarının qeyri-sağlam olmasını hansı məlumatlar işarə edir?
Məhsullarda şəkərin miqdarını mütləq nəzərdən keçirin. Şəkər digər adlar (bal, qarğıdalı şirəsi, saxaroza, bəkməz, maltoza) arxasında da gizlədə bilər. Şəkəri çox olan məhsulları heç də sağlam qida adlandırmaq olmaz, çünki sayəsində piylənmə, 2-ci tip şəkərli diabet, ateroskleroz və s. kimi xəstəliklər yarana bilər.
Duzun miqdarı az olan məhsullara üstünlük verin ki, gündəlik duz istifadəniz tövsiyə olunan 1 çay qaşığından (5 q) çox olmasın.
Məhsulların tərkibində trans-yağların, doymuş yağların olmamasına xüsusi diqqət yetirin. Trans-yağlar qanda xolesterinin səviyyəsini artıraraq 2-ci tip diabet, insult, aterokleroz və s. kimi xəstəliklərə səbəb ola bilər.
Məhsulda “E” işarəli qida əlavələri nə qədər az olsa, o qədər yaxşıdır, çünki onların əksəriyyəti zərərli olmasa da, faydalı deyil. Hər qida əlavəsi etiketdə “E” işarəsi və ona müvafiq 3 rəqəmli kodla göstərilir, məs., E102. Bu kodların birinci rəqəmlərinə diqqət yetirin. Onlar belə açıqlanır:
E-102-boyayıcılar
E-213-konservantlar
E-322 antioksidanlar
E-413 – stabilizatorlar
E-502 – emilqatorlar
E-632-dad və iyi gücləndiricilər
Sağlam qidalanmanın tərəfdarısınızsa, tərkibində qida əlavələrinin uzun siyahısı olan məhsulları almaqdan çəkinin!
“Yağsız”
Bu yazı ilə olan məhsullarda yağlar daha azdır, lakin tərkiblərinə daha artıq şirinləşdirici karbohidrat və dadvericilərin əlavə edilməsi hesabına bu məhsullarda kalori daha çox ola bilər.
“Şəkərsiz”
Bu yazı məhsulun tərkibində şəkər əvəzedicilərinin olmasını istisna etmir. Etiketdə göstərilən həır hansı şəkər əvəzediciləri məhsulun az kalorili və sağlam olmasını istisna edir.
“Xolesterinsiz”
Bu yazı marketinq məqsədi ilə çox vaxt bitki mənşəli məhsullar üzərində yerləşdirilir. Halbuki xolesterin orada ola da bilməz, çünki o, heyvani yağdır.
“GMO-suz”
Bu yazı (tərkibi Geni Modifikasiya olunmuş Orqanizmsiz qida məhsulu) həmçinin marketinq məqsədi daşıyır, lakin geni modifikasiya olunmuş orqanizmlərin məhsulun tərkibində olmamasını sübut etmir. Bəzən “GMO-suz” yazısı etiketlərdə “Bitki zülalı” yazısı ilə əvəz olunur.
“Konservantsız” Bu yazı diqqətinizi çəkdisə, bilmək vacibdir ki, konservantsız məhsulun tərkibində nə duz, nə istiot, nə də limon turşusu olmamalıdır.