UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Məişət zorakılığından zərər çəkmiş uşaqlara psixoloji yardım

Uşaqlara qarşı mümkün olan kobud rəftar hallarının vaxtında aşkarlanması zərərçəkmişlərdə zorakılıq nəticəsində yaranan ölüm riskinin azalmasına, sağalma dövrünün qısalmasına, uşaqlarda xronik xəstəliklərin əmələ gəlməsi ehtimalının azalmasına imkan verir ki, bu da onlarda əlillik hallarının baş verməsini azaldır. Zorakılıqla üzləşmiş uşaqlara göstərilən psixoloji yardım nəticələrin mümkün qədər tam aradan qaldırılmasına və zorakılıq hərəkətlərinin qarşısının alınması tədbirlərinin görülməsinə yönəldilməlidir.

Emosional zorakılığın qurbanları olan uşaqlarla aparılan işin əsas prinsipi ondan ibarət olmalıdır ki, sonrakı davranışında özünün qərar qəbul edə bilməsi üçün uşağa onun qüvvəsinin və emosional vəziyyətinin yenidən bərpa olunmasına yardım göstərilsin. Belə uşaqlara yardım göstərən psixoloq və həkim-psixiatr unutmamalıdırlar ki, nə olursa olsun, uşaq ona qarşı törədilmiş zorakılığa görə günahkar deyil.

Zorakılıq qurbanına göstərilən psixoloji yardımın məqsədi yaşadığı travmanın onun gələcək inkişafına mənfi təsirinin azaldılması, davranış pozuntularının qarşısının alınması, cəmiyyətə yenidən inteqrasiyasının asanlaşdırılmasıdır. Psixo-diaqnostika apardıqda psixoloq və həkim-psixiatr konkret vəziyyətdən, uşağın xüsusiyyətlərindən, zorakılıq növündən asılı olaraq müayinə metodlarını seçirlər. Emosional qəddarlıqdan zərər çəkmişlərə göstərilən psixoloji yardım uşaqların davranışlarından irəli gəlir.

Uşağa qarşı zorakılıq halını müəyyən  etdikdən sonra psixoloji məsləhətləşmələr aparılır. Aşağıdakı hallar psixoloji məsləhətləşmələrin aparılmasına göstəriş ola bilər:

  • uşaq və ya yeniyetmənin sərbəst müraciət etməsi
  • valideynlər, qəyyumlar, müəllimlər və ya digər təşkilatların nümayəndələri tərəfindən zərərçəkmiş uşaqların məsləhətləşməyə göndərilməsi
  • zərərçəkmiş şəxsin psixoloq tərəfindən dəvət olunması

Psixoloji məsləhətləşmənin əsas metodu müsahibədir. Psixoloq müsahibə zamanı xüsusi suallar və tapşırıqların köməyi ilə zorakılıq qurbanlarının psixoloji vəziyyətini müəyyənləşdirməklə qarşılıqlı münasibət yaradır, bu da problemin alternativ həlli yolları və vasitələrinin imkanları barədə məlumatların toplanılmasına yardım edir.

Zorakılığa məruz qalmış uşağa psixoloji yardım göstərən mütəxəsissələrin vəzifələri:

  • təhlükəsizlik hissinin formalaşdırılması
  • müsbət “Mən” anlayışının, özünü qəbul etmə bacarığının formalaşdırılması, şəxsi ləyaqət hissinin bərpa edilməsi
  • etibarlı münasibətlərin yaradılması üçün qabiliyyət, təcrübə və bacarığın təkmilləşdirilməsi
  • mənfi təsir edən xatirələrin öyrənilməsi
  • uşağın bədəninə yetirilmiş zərərin sağalmaz olması qorxusundan azad edilməsi
  • insanlara etibar etmənin öyrədilməsi
  • uşağın şəxsiyyətinin sosial xüsusiyyətlərinin inkişafı və təkmilləşdirilməsi
  • sərbəst qərar qəbul etmək bacarıqlarının yaradılması
  • mübahisəli məsələlərin həll edilməsi bacarıqlarının öyrədilməsi
  • öz həyatı üçün məsuliyyətli olmaq hissinin yaradılması