UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Qida qəbulu pozuntuları

Qida qəbulu pozuntuları nədir?

Qida qəbulu pozuntuları insanların yemək tərzi və ya qida qəbulu davranışı ilə bağlı olan problemlərdir. Onlar insanın sağlamlığına, emosiyalarına və münasibətlərinə zərər yetirə bilər.

Qida qəbulu pozuntularının müxtəlif növləri.

Qida qəbulu pozuntularının bir neçə növü var və aşağıdakı hər bir qısa tsəvir edilib:

Anoreksiya

Anoreksiyası olan insanlar:

* bilərəkdən çox az yeyir. Bu, çox aşağı bədən çəkisinə səbəb olur.

* kökəlməkdən qorxur.

* pozulmuş bədən imicinə malik olur. Öz bədənlərinə qarşı qeyri-real baxışları olur.

 

Anoreksiyası olan insanlar nə və nə qədər yeyəcəkləri mövzusunda çox sərtdirlər. Demək olar ki, hər zaman yemək və ya kalorilər haqqında düşünə bilərlər. Arıqlamaq üçün anoreksiyası olan bəzi insanlar oruc tuta və ya çox məşq (idman) edə bilərlər. Digərləri laksativ (bağırsaqları işlədən dərmanlar), diuretiklər (sidik qovucular) və ya imalələrdən istifadə edə bilərlər.

Bulimiya

Bulimiyası olan insanlar:

* həddindən artıq çox yeyir və yemək yeməyi dayandırmaq gücündə olmadıqlarını hiss edirlər (aşırı qida qəbulu)

* yenidən aşırı yemək üçün daim nəsə fikirləşirlər. Həddindən artıq yemək yedikdən sonra özlərini qəsdən qusdura bilərlər. Çəki artımının qarşısını almaq üçün onlar laksativ (bağırsaqları işlədən dərmanlar), diuretiklər (sidik qovucular), arıqlamaq üçün həblər, daha intensiv və ya daha çox fiziki məşq (idman) edə bilərlər.

* özlərini bədən forması və çəkiləri əsasında qiymətləndirir. 

 

Bulimiyadan əziyyət çəkən insanlarda bədən çəkisi tez-tez dəyişə (sürətlə arta və azala) bilər. Ancaq bulimiyası olan insanların hamısında əhəmiyyətli çəki dəyişiklikləri müşahidə edilməyə bilər.

Aşırı qida qəbulu.

Aşırı qida qəbulu pozğunluğu olan insanlar:

* həddindən artıq yemək və yemək yeməyi dayandırmaq gücündə olmadıqlarını hiss edirlər (aşırı qida qəbulu). Buna “aşırı yemək qəbulu pozğunluğu” (eng. binge eating) deyilir.

* ac olmadıqda belə çox yeyir

* çox yemək yedikdən sonra özlərini əsəbi və ya günahkar hiss edə bilər

* tez-tez çəki artımına məruz qalır və çox zaman artıq çəkili olur.

 

Aşırı qida qəbulu pozğunluğu olan bəzi insanlar normaldan daha sürətli yemək yeyir. Onlar bir çox hallarda təklikdə yemək yeyə bilərlər ki, başqaları nə qədər yediklərini görməsin. Bulimiya xəstəliyindən əziyyət çəkən insanlardan fərqli olaraq, aşırı qida qəbulu pozğunluğundan əziyyət çəkənlər özlərini qusdurmazlar, bağırsaqları işlədən dərmanlardan istifadə etmirlər və aşırı miqdarda yemək üçün çox idman və ya digər fiziki məşq etmirlər.

 

Yayınma/məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (eng. avoidant/restrictive food intake disorder (ARFID))

Yayınma/məhdudlaşdırıcı qida qəbulu pozğunluğundan əziyyət çəkən insanlar:

* yeməklə maraqlanmır və ya yeməkdən yayınır

* arıqlayır və ya gözlənilən həcmdə çəki qazanmır

* kökəlməkdən qorxmurlar

* bədən görünüşlərinin pis olmasından şikayətçil deyillər.

Çox vaxt yayınma/məhdudlaşdırıcı qida qəbulu pozğunluğundan əziyyət çəkən insanlar yeməyin qoxusu, dadı, qidanın teksturası və ya rəngi onlara pis təsir etdiyindən, yemək yemirlər . Bəziləri nə zamansa yemək yeyərkən boğazlarında qalmış loxma səbəbindən boğulma hadisəsi keçirmiş və  bunun yenidən baş verə biləcəyindən qorxurlar. Yayınma/məhdudlaşdırıcı qida qəbulu pozğunluğu olan bir çox uşağın çəkisi normadan aşağıdır. Ancaq digərləri normal çəki və ya artıq çəkili olur (xüsusən də yalnız zərərli yemək yeyirlərsə).

Uşağımda qida qəbulu pozğunluğu olarsa, nə etməli?

Əgər uşağınızın qida qəbulu pozğunluğundan əziyyət çəkdiyini düşünürsünüzsə:

  • Erkən kömək istəyin. Qida qəbulu pozğunluğu erkən aşkar edilərsə, ondan əziyyət çəkən yeniyetmənin sağalma şansı daha yüksəkdir. Uşağınızın həkimi və ya qida qəbulu pozğunluğu üzrə mütəxəssis ilə məsləhətləşmək önəmlidir.
  • Qida qəbulu ilə bağlı narahatlığınızı uşaqlarınızla bölüşün və müzakirə edin. Bu zaman çox sakit və dürüst olun, qayğıkeşlik nümayiş etdirin. Onlara kömək edəcəyinizi bildirin. Mövcud qida qəbulu rejiminin onlar üçün nə anlam verdiyi barədə sizə danışmalarını xahiş edin.
  • Yaşa uyğun olaraq həkim müayinələrindən geri qalmayın. Qida pozuntularının müalicəsi vaxt və səy tələb edir. Uşağınızın ehtiyac duyduğu yardımı almaq üçün onun müalicəsində iştirak edən tibb işçiləri və digər mütəxəssislərdən ibarət qayğı qrupuna dəstək olun. İstədiyiniz zaman onlara suallarınızı verin, narahatçılıqlarınızı bölüşün.
  • Səbirli olun və dəstək göstərin. Uşağınıza kömək etmək üçün daha nə edə biləcəyinizi mütəxəssislərdən (tibb işçiləri, psixoloqlar, pedaqoqlar və s.) öyrənin. Uşağınızla münasibətinizi daim müsbət saxlamağa çalışın. Dinləmək, danışmaq və hər ikinizin də xoşladığı fəaliyyətlərlə məşğul olmaq üçün vaxt ayırın.
  • Sağlam həyat tərzinə diqqət yetirin. Ailənizdəki hər kəsi hər gün aktiv olmağa və qida rasionunda müxtəlifliyi təşviq edin.