UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Dostunuza nəsə pıçıldamaq üçün əyilirsiniz və dostunuzun üzündəki baxışdan xoşagəlməz bir şeyin baş verdiyini hiss edirsiniz. Bu, sizin pis qoxulu nəfəsinizlə bağlı ola bilərmi? Bəlkə də naharda hamburgerinizə soğan əlavə etməməliydiniz və ya dünən axşam yediyiniz dolmaya sarımsaqlı qatıq qotmamalıydınız.
Bəs onda, ağzından pis qoxu gələn uşaq nə etməlidir?
Yaxşı xəbər budur ki, ağız qoxusu hər kəsin başına gələ bilər. Gəlin onun vaxtında aşkar edilməsi və qarşısının alınmasını, habelə müalicəsi yolları haqqında ətraflı danışaq.
Pis qoxu nədir?
Ağızdan gələn pis qoxu, əslində tibbdə “halitozis” kimi tanınır. Dişlərinizi fırçalamamaqdan tutmuş bir çox xəstəliklər və hallar pis ağız qoxusuna səbəb ola bilər.
Bəzən bir adamın ağız qoxusu sizi onunla ünsiyyətdən çəkindirə və ya uzaqlaşdıra bilər. Bəzən isə həmin adamlar problemin mövcudluğundan xəbərsiz olur. Kiməsə pis ağız qoxusuna malik olduğunu bildirməyin nəzakətli üsulları var. Məsələn, həmin adama heç nə demədən, nanəli konfet və ya şəkərsiz saqqız təklif edə bilərsiniz.
Dostunuza pis ağız qoxusuna malik olduğunu bildirmək lazımdırsa, aşağıdakı taktikadan istifadə edə bilərsiniz: “Qidalar çox vaxt ağızdan pis qoxunun gəlməsinə səbəb olur. Mən də bunu dəfələrlə özümdə müşahidə etmişəm.” Pis ağız qoxusunun adi bir şey olduğunu bildirməklə, dostunuzun çox məyus olmamasına və təklif etdiyiniz nanəli konfet və ya saqqızdan imtina etməməsinə nail olacaqsınız.
Öz nəfəsinizin pis qoxulu olduğundan şübhələnirsinizsə, sizə lağ etməyəcək və dürüst, səmimi cavab verəcək bir dostunuzdan və ya ailə üzvünüzdən bu barədə soruşun.
Hər kəsin bəzən ağzından pis qoxu gəlir və bu ümumənsə normal sayılır. Lakin, əgər pis ağız qoxusu tez-tez və ya uzun müddət varsa, o zaman stomatoloqa və ya ailə həkiminizə müraciət etmək məsləhətdir.
Ağızdan gələn pis qoxuya nə səbəb olur?
Ağız qoxusunun üç əsas səbəbi var:
1. sarımsaq, soğan, pendir, portağal suyu və qazlı şirinləşdirilmiş içəcəklər də daxil olmaqla, bir çox qidalar və içəcəklər.
2. ağız boşluğu pis gigiyenası, yəni müntəzəm olaraq dişlərin fırçalanmaması və diş ipindən istifadə edilməməsi.
3. siqaret və digər tütün məmulatlarından istifadə.
Ağız boşluğunun pis gigiyenası ağızdan pis qoxunun gəlməsinə səbəb olur, çünki yemək hissəcikləri ağzınızda qalanda çürüyə və çürüdükcə pis qoxu verməyə başlaya bilər. Qida hissəcikləri çoxsaylı bakteriyaların toplanmasına şərait yarada bilər ki, bu da pis qoxuya gətirib çıxarır.
Dişlərinizi müntəzəm fırçalamadıqda, dişlərinizin üzərində yapışqan, rəngsiz plyonka (nazik lent) və həmçinin diş əti daşı və ya ərp formalaşır. Həmin plyonka və ərp bakteriyaların yaşaması üçün münbit şəraitdir və pis ağız qoxusunun da səbəbidir.
Pis qoxulu nəfəsin qarşısını necə almalı?
Pis ağız qoxusu olan uşaq və ya yeniyetmə nə edə bilər? Əlbəttə ki, ilk növbədə, siqaret çəkməyi və ya tütün məmulatlarından istifadəni dayandırmalı. Hər gün ən azı iki dəfə dişləri fırçalamaq və gündə bir dəfə diş ipindən istifadə etməklə ağız gigiyenasını təmin etmək. Dilinizi də fırçalayın, çünki orada bakteriyalar inkişaf edə bilər.
Gündə bir dəfə diş ipi ilə dişlərinizin arasında qalmış qida hissəciklərini təmizləyin. Həmçinin, ildə ən azı iki dəfə diş həkiminin qəbuluna gedin.
Həkimə nə zaman müraciət etməli?
Ağız qoxusundan narahatsınızsa, həkiminizə və ya diş həkiminizə məlumat verin. Həkim sizi müayinə edərkən, ağız qoxusunun hansı xəstəlinəyə uygun olub olmadığını da nəzərdən keçirəcəkdir. Məsələ ondadır ki, bəzi xəstəliklər zamanı insanların nəfəslərində xüsusi qoxu yaranır və onun duyulması diaqnostikaya kömək edir. Məsələn, kiminsə nəzarətdən kənar və ya gizli diabet xəstəliyi varsa, onun nəfəsi aseton qoxusu verə bilər (dırnaq lakının təmizlənməsi üçün istifadə edilən kimyəvi məhlulun qoxusu).
Diş həkiminiz həm dişlərinizin sağlamlığını yoxlayacaq, lazım gəldikdə onları xüsusi üsullarla təmizləyəcək, habelə pis ağız qoxusuna səbəb ola bilən digər potensial problemləri, o cümlədən diş əti xəstəliyini aşkar edərək müalicəsini təmin edəcəkdir.
Ağızdan pis qoxuya görə diş həkiminin müayinəsi ağız boşluğu və dişlərlə bağlı heç bir problemin olmadığını müəyyən edərsə, bu zaman ailə həkimi, pediatra və ya terapevtə müraciət etmək zəruridir. Bəzən ağızdan pis qoxuya qaymorit, nadir hallarda isə qaraciyər və ya böyrək problemləri səbəb ola bilər.
Əlbəttə ki, əksər hallarda ağızdan pis qoxunun gəlməsi həmin gün daha əvvəl yediyiniz yeməklə bağlı olur. Beləliklə, dişlərin fırçalanması və diş ipindən istifadə ağızdan gələn pis qoxu hallarının bir çoxunun aradan qalxmasına imkan verir!