MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblər (Hüquqi normalar)

2.3.1. Ümumi təhsil müəssisəsində epidemioloji vəziyyətin normal olduğu şəraitdə gündəlik nəm üsulla təmizlik işləri həyata keçirilməlidir. Sinif otaqlarının və digər yardımçı sahələrin təmizlənməsi dərslər başa çatdıqdan sonra pəncərə və nəfəsliklərin açıq vəziyyətində həyata keçirilir. İkinövbəli iş rejimi olduqda, təmizlik işləri iki dəfə həyata keçirilir. Bu zaman döşəmələr yuyulur, toz yığılan yerlər (pəncərə altlıqları, radiatorlar) silinir. Ayda bir dəfə yuyucu və istifadəsinə icazə verilən dezinfeksiyaedici vasitələrin tətbiqi ilə həyətdə və otaqlarda əsaslı təmizlik işləri həyata keçirilir. Pəncərələrin daxili və xarici səthləri, eləcə də pəncərə oyuqları ildə 2 dəfə (yazda və payızda) yuyulur. Ümumi istifadədə olan sahələrdə (ayaqyolu, bufet, yemək otağı və tibb kabineti) təmizlik işləri aparılarkən mütləq dezinfeksiyaedici vasitələr tətbiq olunur.

2.3.2. Səhər, nahar və günorta yeməklərindən sonra yeməkxanada təmizlik işləri aparılır. Qabların yuyulması mexaniki üsulla və ya əllə həyata keçirilir. Qablar əllə yuyulanda üçseksiyalı vannadan istifadə olunur. Qida qalıqlarından təmizlənən qab-qacaq yuyucu vasitələrin (1-ci vanna) əlavə olunduğu suda ( 500C ) yuyulur. Bundan sonra qablar dezinfeksiyaedici məhlulun içərisinə salınır (2-ci vanna), sonra 650C temperaturda isti su altında yaxalanır (3-cü vanna) və xüsusi şkaflarda qurudulur. Şüşə qablar mexaniki təmizlənmədən sonra yuyucu vasitələrin tətbiqi ilə yuyulur (1-ci vanna), isti su altında yaxalanır (2-ci vanna) və xüsusi rəflərdə qurudulur. Yemək qəbulu zamanı istifadə olunan ləvazimatlar yuyucu vasitələrin tətbiqi ilə mexaniki təmizlənmədən sonra (1-ci vanna) isti su altında yaxalanır (2-ci vanna) və 2-3 dəqiqə ərzində hava sterilizatorlarında fiziki üsulla dezinfeksiya edilir. Təmiz ləvazimatlar metal kasetlərdə, qulpları yuxarı olmaqla, şaquli vəziyyətdə saxlanılır.

2.3.3. Karantin zamanı qab-qacağın təmizlənməsi prosesinin növbəliliyi dəyişir. Bu zaman qablar qida qalıqlarından təmizləndikdən sonra dezinfeksiyaedici məhlullardan birinin içərisinə salınır və ya 15 dəqiqə ərzində qaynadılır. Bundan sonra yuyulur, isti su ilə yaxalanır və qurudulur. Qabyuyan maşın istifadə edildikdə, qabların təmizlənmə qaydası yuyulmaya dair təlimatda göstərilən rejimə uyğun həyata keçirilir.

2.3.4. Qida blokunda (mətbəx, anbar) ərzaqların və qida qalıqlarının saxlanılması qaydalarına ciddi riayət edilməli, həşəratlara və gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.

2.3.5. Tibb kabinetinin və avadanlıqların dezinfeksiyası ilə yanaşı, dəfələrlə istifadə olunan alətlərin kimyəvi (xüsusi məhlulların tətbiqi ilə) və ya fiziki üsullarla dezinfeksiyası (qaynadılma, quru buxara verilmə) aparılmalıdır.

2.3.6. Sterillik tələb olunan vəziyyətlərdə birdəfəlik istifadə materiallarını tətbiq etmək zəruridir.

2.3.7. Karantin dövründə karantin sinfində təhsil alan uşaqların gün ərzində olduğu bütün otaqlar gündəlik dezinfeksiya edilməlidir. Dezinfeksiya tədbirləri aparılan zaman xəstəliklərin yayılmasında əsas rol oynayan obyektlərə xüsusi diqqət yetirilməlidir.

2.3.8. Hava-damcı yolu ilə infeksiyaların yayıldığı zaman sinif otaqlarının havasının mütəmadi dəyişdirilməsi (hər fasilədə), otaqlarda tozun silinməsi və qabların zərərsizləşdirilməsi, bağırsaq infeksiyaları zamanı qab-qacağın, nahar masalarının, sanitar-texniki cihazların və digər ləvazimatların zərərsizləşdirilməsi, hər dəfə ayaqyoluna getdikdən sonra və qida qəbulundan əvvəl əllərin sabunla yuyulması həyata keçirilməlidir.

2.3.9. Pedikulyoz xəstəliyinin aşkarlanması məqsədi ilə hər tətildən sonra ildə 4 dəfə və ya hər ay seçmə yolu ilə (4-5 sinifdə) tibbi heyət tərəfindən uşaqlara baxış təşkil edilməlidir.

2.3.10. Müəssisənin həyətində gündəlik təmizlik işləri həyata keçirilməli, məişət tullantıları kip qapanan qapaqlı metal tutumlara yığılmalıdır. Tutumların boşaldılması onun 2/3 hissəsi dolduqda həyata keçirilir. Zibil qabları boşaldıldıqdan sonra dezinfeksiya edilməlidir.

2.3.11. Həşəratlarla mübarizə təlimatlara uyğun aparılmalıdır. Müəssisənin ərazisində nəzarətdənkənar heyvanların olmasına icazə verilmir.