UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Narkotiklərdən istifadə insan orqanizminə və yaşayışına ağır zərbə vurur

İnsanın psixi və fiziki vəziyyətini dəyişən, asılılıq yarada bilən, narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilmiş kimyəvi və ya bitki mənşəli maddələr psixoaktiv maddələr (PAM) adlanır.

Psixoaktiv maddələrin istifadəsi nəticəsində son dərəcə ağır psixi və davranış pozuntuları, psixi və fiziki asılılıq, şəxsiyyətin pozulması, cəmiyyətə zidd davranış və sağlamlıqda ağır dəyişikliklərin yaranması baş verir. Narkotik maddələr istifadə edən hər bir  insan ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər. Yetkinlik yaşına çatmamış yeniyetmənin orqanizmində narkotik və digər psixoaktiv maddələrdən istifadə ağır nəticələr verir.

Narkotik maddə istifadə edən yeniyetmələrdə ağıl kəmliyi, psixi xəstəliklərin riski bir neçə dəfə artmış olur. Bu halda mənəvi dəyişikliklər və şəxsiyyətin pozulması olduqca sürətlənir. Narkotik preparatların təsiri yeniyetmə orqanizminin fiziki inkişafını xeyli ləngidir. Narkotik istifadə edən yeniyetmələr öz yaşıdlarından boy və çəki göstəricilərinə görə də geridə qalırlar. Narkotik maddələrin vena daxili yeridilməsi İnsan İmmunçatışmazlığı Virusuna (İİV) və hepatit də daxil olmaqla, iynə ilə ötürülən infeksiyaların yayılmasına gətirib çıxarır.

Erkən yaşından narkotik vasitə qəbul etməyə başlayan insanların orta ömrü 35-40 ildir.

Narkotik preparatlar insanın bütün orqan və sistemlərinə zərərli təsir göstərir, geridönməyən  dəyişikliklər törədir. Daxili orqanlara dəyən dağıdıcı zərər gözdən yayınır və müxtəlif ikincili xəstəliklərin, simptomların meydana çıxması ilə təzahür olunur. Narkotik preparatların  əksəriyyəti kanserogen kimi təsnif olunur, belə ki, onlar xərçəng xəstəliyi  əmələ gətirə bilər. Bütün narkotik maddələr orqanizmə daxil olma yollarından asılı olmayaraq aşağıdakı sistem və orqanları zədələyir:

  • sinir sistemini ( o cümlədən baş beyin)
  • immun sistemi
  • qaraciyəri
  • ürəyi
  • ağciyərləri

Odur ki, narkotik vasitələrdən uzaq durmaqla sağlamlığınızı, həyatınızı və gələcəyinizi qorumuş olarsız.