UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Passiv tütünçəkmə sağlamlığa ciddi zərbə vurur

Tütünçəkmə – dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. İl ərzində tütünçəkmənin törətdiyi ürək-damar, onkoloji və digər ağır xəstəliklərdən həm 5,4 milyon tütünçəkən, həm də 600 000 çəkməyən ətrafa yayılan tütün tüstüsü səbəbindən dünyasını dəyişir.

Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm tütün çəkənlər, həm də çəkməyənlər məruz qalır. Bu, adətən, passiv tütünçəkmə adlandırılır. Passiv tütünçəkmə – tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır.

Tütün tüstüsü ilə nəfəs almaq təhlükəlidir.

Tütün tüstüsündə 4000 çox zərərli kimyəvi maddə, o cümlədən xərçəng xəstəliyini yaradan 40-dək kanserogen (xərçəng xəstəlikləri yaradan) maddə vardır. Passiv tütünçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda ölümlə nəticələnə bilir. Sübut edilib ki, passiv tütünçəkmə ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir.

Hamiləlik zamanı qadının orqanizminə daxil olan yanan tütünün zərərli maddələri dərhal bətndəki uşağa keçir. Nikotinin təsirindən dölün oksigen çatışmazlığı yaranır. Zərərli maddələr uşağın bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Tütün çəkən qadınların uşaqları tez-tez xəstələnir və çox vaxt uşaqlıq dövründə ölürlər.

Dünyada 700 milyon uşaq (bütün uşaqların yarısı) tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır.

Tütün tüstüsü uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır.

Elektron siqaret istifadə edildikdə yalnız zərərsiz su buxarını yox, həm də nikotin, mikrohissəciklər və xərçəngə səbəb ola bilən toksinlər tərkibli aerozolu əmələ gətirərək ətrafa yayır. Beləliklə, elektron siqaret ətraf mühiti çirkləndirən yeni mənbədir və ətrafdakı insanlar üçün potensial risk faktorudur.

Ətrafa yayılan tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir havalandırma sistemi qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Qapalı, ictimai və iş yerlərində tütünçəkmənin tam qadağan edilməsi tütün çəkənlərə bu vərdişdən azad olmağa kömək edir, çəkməyənləri isə tütün tüstüsünün təhlükəli təsirindən qoruyur.