UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Şagirdlərin fiziki tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlaqələndirilməsi

Bədən tərbiyəsi və idmanın şagirdlərin həyatına tam daxil olması üçün məktəbin ailə və ictimaiyyətlə birlikdə iş aparması mühüm əhəmiyyət kəsb edir. Valideynləri pedaqoji cəhətcə savadlandırmaq, onlara fiziki tərbiyənin nəzəri-metodik əsaslarını öyrətmək vəzifəsi birinci növbədə məktəbin üzərinə düşür. Məktəb və ictimaiyyət probleminin ikinci bir xətti də vardır. Bu pedaqoji kollektivin valideynlərlə iş aparmasından, pedaqoji bilikləri təbliğ etməsindən ibarətdir. Məktəb bədən tərbiyəsi kollektivi valideynlərlə sıx əlaqə saxladıqda uşaqların ailədə fiziki tərbiyəsi üzrə olan nöqsanlarının yaranma səbəblərini aşkara çıxarır, şagirdlərin ev şəraitində gün rejiminin tərtibi vəziyyətini öyrənir və bu sahədə onlara kömək göstərir.

Məktəbin ailə ilə əlaqə formalarından biri məktəbdə fiziki tərbiyəyə həsr olunmuş dəyirmi masalardır ki, məktəbin ailə ilə bədən tərbiyəsi sahəsində sıx əlaqə saxlamasında mühüm rol oynayır. Bu görüşlərdə valideynlərə öz uşaqlarını fiziki cəhətdən möhkəm, iradəli tərbiyə etmək sahəsində, həmçinin böyüməkdə olan gənc nəslin sağlamlığının möhkəmləndirilməsi və müasir zamanda fəal həyat mövqeyinə sahib olması naminə hökumətimiz tərəfindən qarşıya qoyduğu vəzifələr və tələblər izah edilir. Bu işdə nə kimi məsuliyyət daşıdıqları valideynlərin nəzərinə çatdırılır. Belə ki, valideynlərə bədən tərbiyəsi və idmanın, sinifdən və məktəbdənxaric kütləvi sağlamlıq tədbirlərinin uşaqların əməyə hazırlanmasında, düzlük, doğruçuluq, vətənə bağlılıq, onun yolunda canından keçmək ruhunda tərbiyə olunmasında rolu başa salınır.

Məktəbdə belə görüşlərə qabaqcadan hazırlıq işləri aparıldıqda, valideynləri maraqlandıran bədən tərbiyəsi, sağlamlıq məsələləri ətrafında müzakirələr təşkil olunduqda, görüşlər daha məzmunlu keçir və geniş valideyn kütləsini özünə cəlb edir. Belə görüşlərin müvəffəqiyyətlə keçməsində mövzunun aktual olması, elmi əsasda qurulması vacib şərtlərdən sayılır.

Valideynlərlə görüşlərdə respublika, beynəlxalq yarışların qaliblərinin, habelə Avropa, Dünya və Olimpiya çempionları və mükafatçılarının çıxışlarını və məruzələrini təşkil etmək daha effektli olur. Əgər fiziki tərbiyə üzrə gün rejimi haqqında məruzə dinlənilərsə, həmin məruzənin təxminən aşağıdakı məsələləri əhatə etməsi məqsədəuyğundur. Məruzəçinin şagirdlərin normal fiziki inkişafında, bədənin möhkəmləndirilməsində, eləcə də iradi, dəqiqlik və mütəşəkkillik kimi keyfiyyətlərin aşılanmasında düzgün təşkil olunmuş gün rejiminin əhəmiyyətindən danışması məqsədəuyğundur. Bundan sonra uşağın yaş və səhhəti nəzərə alınaraq onlar üçün təşkil edilən əmək işləri, istirahət və səmərəli qidalanma yollarına dair valideynlərə məlumatlar da verilməlidir. Məruzə və məlumatlarda həm də ailə şəraiti üçün fiziki hərəkətlərin, oyunların keçirilməsi, onların məzmunu və orqanizmi təbii amillər vasitəsilə möhkəmləndirmək qaydaları öz əksini tapmalıdır. Həmçinin fiziki tərbiyəyə həsr edilmiş dəyirmi masalarda fiziki tərbiyə hərəkətlərinin və idmanın orqanizmə təsiri üzrə də məruzə təşkil etmək olar. Məruzədə birinci növbədə məktəblilərin nə kimi zehni işlə məşğul olmasından, onun xarakterindən danışılmalıdır. Valideynlərin nəzərinə çatdırmaq lazımdır ki, uşaqlar vaxtlarının çox hissəsini parta arxasında oturmaqla, ev tapşırıqlarını yerinə yetirməklə, televiziya verilişlərinə baxmaqla, kompüter oyunları oynamaqla, sosial şəbəkələrdən istifadə etməklə keçirirlər. Bütün bunlar isə qan təzyiqini artırır, yaxından görməyə, tez yorulmaya səbəb olur. Bu, beyinin qan dövranının normal hərəkətinə mənfi təsir göstərir, onurğada qeyri-normal əyriliklərin yaranmasına şərait yaradır. Sonra isə bu cür xəstəliklərin və xoşagəlməz halların qarşısının alınmasında bədən tərbiyəsi və idmanın böyük profilaktik tədbir olduğunu faktlar vasitəsilə sübut etmək, əyaniləşdirmək lazımdır.