UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Səhər gimnastikasının əhəmiyyəti

Ümumtəhsil məktəblərində şagirdlərlə aparılan bədən tərbiyəsi və kütləvi idman fəaliyyətinə aid səhər gimnastikası əsas yerlərdən birini tutur. Səhər gimnastikası şəxsin hərtərəfli və həmahəng inkişafında böyük əhəmiyyətə malikdir. Səhər gimnastikası yuxu zamanı şagirdlərin orqanizmində yaranmış passiv vəziyyəti tədricən aradan qaldırır və onları tədris və gün rejimində görüləcək tədbirlərə – fiziki və zehni əməyə hazırlayır.

Adi hərəkətlər nəbz vurğularını 50-60% sürətləndirir, qəbul edilən oksigenin miqdarını 10-30% artırır, mədə-bağırsaq və sinir sisteminin işini yaxşılaşdırır, insanın bədən quruluşunu – qamətini gözəlləşdirir.

Səhər gimnastikası orqanizmi daha tez tədris fəaliyyətinə hazırlayır, sinir sisteminin funksiyasının normal yerinə yetirilməsinə zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 3-5 dəqiqə müddətində 4-6 dəfə təkrar edilməklə icra olunur. Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq, gövdə üçün hərəkətlərdən ibarət olur. Həmin gimnastika hərəkətləri daha çox əzələ qruplarına təsir göstərməli və şagirdlərin fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır.

Dərsə qədər səhər gimnastikası kompleks hərəkətlərini seçərkən bədən tərbiyəsi proqramından baş, gövdə və qollar üçün verilmiş əsas hərəkətlərdən istifadə etmək faydalıdır. Xüsusən qollar yuxarı, irəli, yanlara, əllər boyun arxasında, başda olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin əllər müxtəlif vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb açılması ilə hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi hərəkətləri, əyilmələri, dönmələr, əl, qıç, gövdə və başın bir-birilə uyğunlaşması ilə hərəkətlərin əlaqəli şəkildə yerinə yetirilməsi zəruri və daha əlverişlidir.

  • Birinci hərəkət tənəffüsə qüvvətli təsir etməli, 5-6 dəfə təkrar edilməklə, həm də «dartınma» xarakteri daşımalı, asta tempdə icra olunmalıdır.
  • İkinci hərəkət ayaq əzələlərini inkişaf etdirməli, bu məqsədlə ayaqların qaldırılıb endirilməsi ilə əlaqədar icra olunmalıdır. Tez tempdə 4-5 dəfə təkrarlanmalıdır. Yaxud çöməlmələr icra edilməlidir ki, bu hərəkətlər də asta və orta tempdə yerinə yetirilməli, 5-6 dəfə təkrarlanmalıdır.
  • Üçüncü hərəkət ümumi fizioloji əhəmiyyət kəsb etməlidir. Bu məqsədlə uşaqlar 30 saniyəyə qədər davam edən sürətli tempdə icra olunan hoppanmalar yerinə yetirməli, ya da məktəbyanı meydançalarda 1 dəqiqəyə qədər asta qaçmalıdırlar.
  • Dördüncü hərəkət gövdənin düz əzələləri üçün seçilməlidir. Bunun üçün də gövdənin əyilməsi və düzəldilməsini təmin edən hərəkətlər kompleksə daxil edilməlidir. Bu hərəkətlər 5-6 dəfə təkrar olunmaqla müxtəlif tempdə yerinə yetirilməlidir.
  • Beşinci hərəkət isə gövdənin yan tərəf (yanlara) əzələlərinə təsir etməlidir. Bu zaman gövdə növbə ilə yanlara əyilməli və ya sağdan və əksinə dairəvi hərəkət edilməlidir. Həmin hərəkətlər yavaş tempdə icra edilməli, 3-4 dəfə (hər tərəfə) təkrarlanmalı və ritmik olaraq icra olunmalıdır.