UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR

Fiziki tərbiyə dərslərinə həkim nəzarəti

Tədris müəssisələrində şagirdlərin fiziki tərbiyəsi üzərində həkim nəzarəti, həmin müəssisədə хidmət edən həkim tərəfindən aparılır.

Sanitariya nəzarəti tədris rejimi, dərsdənkənar və məktəbdənkənar fiziki tərbiyənin təşkili, fiziki tərbiyə keçiriləcək yerin sanitar-gigiyenik və sanitar-teхniki vəziyyəti, idman zalının və idman meydançasının yerləşməsi, оnların avadanlıqlarla təchiz оlunması, idman avadanlıqlarının sanitar vəziyyəti, оnların uşaq və yeniyetmənin yaş хüsusiyyətlərinə uyğunluğu üzərində aparılmalıdır. Bu, həm də bədən tərbiyəsinə və idmanla məşğul оlan şagirdlərə həkim nəzarətinin aparılmasını qiymətləndirməyə imkan yaradır.

Məktəbdə fiziki tərbiyənin düzgün təşkili həkim nəzarətindən çox asılıdır. Tibbi müayinə məktəbə təyin olunmuş həkim və poliklinikanın müxtəlif ixtisaslı həkimləri tərəfindən aparılır. Burada uşaqların fiziki inkişafı və sağlamlıq vəziyyəti müəyyənləşdirilir.

Məktəb həkiminin vəzifələri aşağıdakılardan ibarətdir:

  • Bütün məktəblilərin dispanser müayinəsini təşkil etmək
  • Şagirdlərin fiziki tərbiyəsi üzərində ciddi nəzarəti təmin etmək
  • İdman dərslərində tez-tez iştirak etmək
  • İdman hərəkətlərinin uşaqların anatomo-fizioloji xüsusiyyətlərinə uyğunluğunu təyin etmək
  • Hazırlıq qrupuna aid və xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi olan və ya xronik və ya kəskin xəstəliyi olan uşaqlar üzərində əlavə nəzarət aparmaq
  • Bədən tərbiyəsi dərslərində və idman yarışlarında idman travmatizminin profilaktikası ilə məşğul olmaq
  • Gigiyena və epidemiologiya mərkəzinin həkimi ilə birlikdə məşğələ yerlərinin, idman zallarının və onların şəraitinin profilaktikasını, cari sanitariya nəzarətini aparmaq
  • Fiziki tərbiyə və idman məsələləri ilə bağlı həkim məsləhəti vermək
  • İdmanın sağlamlıq vəziyyətinə təsiri haqqında maarifləndirmə işini təşkil etmək.

Məktəb həkimi (yaxud tibb bacısı) bədən tərbiyəsi dərsinin intensivliyini nəbzə, tənəffüs tezliyinə və yorulmanın zahiri əlamətlərinə əsasən təyin edir. Fiziki tərbiyə dərslərində yüklənmənin intensivliyi dərsin hərəkət sıxlığı ilə, nəbzə əsasən fizioloji dərs əyrisi və yorulmanın zahiri əlamətlərinə əsasən ölçülür.

Həkim (tibb bacısı) məşğələlərdə fiziki inkişafda qüsurları (qamətin pozulması, yastıpəncəliliyi və s.) olan bu və ya digər şagirdlər üçün hərəkətlərin məhdudlaşdırılmasına və buna riayət olunmasına nəzarət edir.

Fiziki məşğələlərin keçirilməsi şəraiti və yerinin (hərarət, rütubət, işıqlandırma, döşəmə örtükləri, idman avadanlıqlarının vəziyyəti və s.), geyimin və ayaqqabıların adekvat olmasının, sığortalanmanın kifayət dərəcədə olmasının (idman avadanlıqlarında məşğələlər) gigiyenik qaydalara riayət olunmasının yoxlanılması vacibdir.

Bundan əlavə, həkim (tibb bacısı) və bədən tərbiyəsi müəllimi şagirdlərin dərsə buraxılmasından əvvəl hər hansı xəstəlik keçirən uşaqları testlərdən keçirməlidirlər. Bu zaman step-test istifadə edilə bilər: gimnastik oturacağa 30 saniyə ərzində qalxıb-düşməklə nəbzin ölçülməsi. Bədən tərbiyəsi müəllimi xəstəliklərdən sonra şagirdlərin bədən tərbiyəsi dərslərinə buraxılması müddətlərini bilməlidir.

Həkim və bədən tərbiyəsi müəlliminin fəaliyyətinin mühüm tərəfi fiziki məşğələlər zamanı idman xəsarətlərinin qarşısının alınmasıdır. Məktəblilər arasında travmatizmin əsas səbəbləri aşağıdakılardır: bədənin açılması üçün edilən hərəkətlərin pis aparılması, məşğələ avadanlığının və ərazisinin hazırlanmasında nöqsanlar, məşğələ zamanı avadanlıqlarda sığortalanmanın olmaması, xəstəlik keçirmiş şagirdin vaxtından tez məşğələlərə qoşulması, pis işıqlandırma, zalda hərarətin aşağı olması və bir çox digər səbəblər.

Şagirdlər ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçirilirlər. Onlar tibbi qruplara bölünürlər. Tibbi müayinənin nəticəsinə görə məktəblilər əsasən 3 tibbi qrupa bölünürlər: hazırlıq, əsas və xüsusi.

Хəstəliklərin kəskin dövründə fiziki tərbiyənin aparılması əks-göstərişdir.

Tez-tez və uzun müddət хəstə оlan uşaqlar möhkəmləndirici tədbirlərin təyinatından əvvəl əlavə həkim müayinəsindən keçirilməlidirlər.