UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
Yetkinlik hər bir insanın həyatında baş verən normal prosesdir. Oğlanlarda cinsi yetkinlik 10-14 yaşlarda başlayır və yeniyetmələrin görünüşündə və davranışında dəyişikliklər baş verir. Bu dəyişikliklər oğlanların tədricən kişiləşməsi prosesinin başlanğıcıdır. Bədənində baş verən dəyişiklikləri bilmək yeniyetmələri bir çox problemlərdən və əsassız narahatlıqlardan qoruya bilər.
Səsin dəyişməsi. Cinsi yetkinlik dövrünə xas olan əlamətlərdən biri səsin dəyişilməsidir. Qırtlağın genişlənməsi, onun əzələlərinin və səs tellərinin inkişaf etməsi səsin dəyişməsinə, tədricən kişi səsinə çevrilməsinə gətirib çıxarır. Odur ki, narahatlığa və səsi gizlətmək üçün danışmaqdan çəkinməyə səbəb yoxdur.
Tüklənmə. Yetkinlik zamanı bədəndə tüklənmə prosesi daha sürətlə gedir. Oğlanlarda üzdə və çənədə, dodaqların ətrafında tüklər çıxmağa başlayır, həmçinin sinədə, qoltuqaltında və bud-çanaq nahiyəsində tüklənmə müşahidə edilir. İfraz olunan hormanların təsiri ilə tüklənmə, əzələlərin böyüməsi və digər dəyişikliklər baş verir.
“İslaq” (Nəm) Yuxular. Cinsi yetkinlik dövründə yeniyetmə mələfənin nəm olduğunu müşahidə edə bilər. Bu, “islaq” (nəm) yuxu və ya pollyusiyadır, yuxuda baş verən eyakulyasiya (boşalma prosesi) ilə əlaqədardır. İslaq yuxular heç də həmişə seksual xarakterdə yuxular zamanı qeyd olunmur. “İslaq” (nəm) yuxular cinsi yetkinlik dövründə oğlanlar üçün normal əlamət sayılır və cinsi yetkinlik prosesinin bir hissəsidir. Bu əlamət necə başlayırsa, elə də başa çatır, bu prosesə müdaxilə edilməməlidir.
Qeyri-ixtiyari ereksiya. Oğlanlarda cinsi yetkinlik dövründə qeyri-ixtiyari (spontan) ereksiya (penisin-cinsiyyət orqanının gərginliyi) baş verir. Ereksiya cinsiyyət üzvünün böyüməsi və bərkiməsidir. Ereksiya hətta cinsiyyət orqanına toxunmadan və seksual xəyallar olmadan da baş verə bilər. Bu gözlənilməz ereksiyalar ictimai yerlərdə (məktəb) baş verdikdə çaşqınlıq yarada bilər. Belə hallar normaldır və vaxt keçdikcə azalacaq.
Döş vəzilərinin böyüməsi. Cinsi yetkinlik dövründə oğlanların çoxunda döş vəziləri böyüməyə başlayır. Belə təsəvvür yaranır ki, döş giləsinin altında şişkinlik əmələ gəlib. Döş vəzisi çox həssas və hətta ağrılı ola bilər. Bir neçə aydan sonra bu şişkinlik çəkilir. Oğlanlarda həqiqi döş vəziləri inkişaf etmir. Cinsi yetkinlik dövrü üçün səciyyəvi olan bu vəziyyət hormonal dəyişikliklər nəticəsində əmələ gəlir.
Cinsi yetkinlik dövründə yaranan hormonlar bəzən yeniyetmələrin əhval-ruhiyyəsinin dəyişməsinə səbəb olduğundan, belə hallarda yaşca sizdən böyük olan və etibar etdiyiniz bir şəxslə hisslərinizi bölüşün.
Şəxsi gigiyena qaydalarına əməl etmək (hər gün, mümkün olmasa, həftədə iki dəfədən az olmamaq şərtilə duş və ya vanna qəbulu) yeniyetmələrin sağlamlığı üçün vacib şərtlərdəndir.
Dəri. Yetkinlik dövründə dəri daha yağlı və tərli ola bilər. Bu, piy və tər vəzilərinin funksiyasının artması ilə əlaqədardır və dəridə civzələrin (sızanaqların) yaranmasına gətirib çıxarır.
Civzələr (akne) yeniyetmələr arasında çox yayılmış dəyişiklikdir. Civzələr piy vəzilərinin çox olduğu yerlərdə-üzdə, boyunda, sinə nahiyəsində əmələ gəlir.
Civzələrdən azad olmaq üçün məsləhətlər:
- Üzünüzü gündə iki dəfə sabunla ehtiyatla yuyun
- Tərkibində yağ olmayan kosmetik vasitələrdən istifadə edin
- Balıq, meyvə və tərəvəzlə zəngin olan qidalar qəbul edin (bu, dərinizin yağlanmasının azalmasına kömək edəcəkdir).
Aşağıda qeyd olunanları isə etmək olmaz:
- Üzü süngər ilə sürtmək
- Civzələri – sızanaqları sıxmaq (bundan sonra çapıq qala bilər)
- Dərini sürtən dar paltar geyinmək
- Tərkibində paroben olan dəri təmizləyici kimyəvi vasitələrdən istifadə etmək
Qoxu. Yetkinlik dövründə ifraz olunan hormonlar tərləmənin artmasına və ifraz olunan tərin qoxulu olmasına təsir göstərir. Dəri üzərinə ifraz olunan tər bakteriyalarla təmasa girir və nəticədə qoxu əmələ gəlir. Tərləmədən qorunmaq üçün ilk növbədə müntəzəm olaraq duş qəbul etmək, yuyunmaq vacibdir (xüsusən də idman və ya fiziki aktivlikdən sonra).
Bədən quruluşu. Cinsi yetkinlik dövründə boyun artma sürəti çox yüksək olur, cinsi yetkinləşmə prosesi başladıqdan 2 il sonra isə ən yüksək həddə çatır. Əllər, ayaqlar, qollar, pəncələr bədənin digər hissələrinə nisbətən daha sürətlə böyüyür. Oğlanların tədricən boyu uzanır, bədən quruluşu dəyişir, əzələ toxuması inkişaf edir, çiyinləri genişlənir.
İdmanla məşğul olmaq çox faydalıdır, lakin yeniyetməlik dövründə oğlanların əksəriyyəti “üçbucaq” bədənə sahib olmaq üçün əzələ yığmağa çalışırlar. Bu zaman böyüyən əzələlərin dəriyə uyğunlaşmaması meydana çıxır, nəticədə bədəndə çatlar yaranır. Buna görə də əzələlərin tam inkişafı vacibdir. Əzələlərin böyüməsinə yardım etmək üçün isə, sağlam qidalanma və düzgün fiziki aktivlik (üzmək, futbol oynamaq, velosiped sürmək və s.) tələb olunur.
Yeniyetməlik dövründə kaloriyalara olan ehtiyacın çoxalmasından və hormonal səbəblərdən iştahınız çox arta və yoldaşlarınızla küçədə tez-tez qida qəbulu istəyiniz yarana bilər. Belə vəziyyət yetkinlik dövründə bədən çəkisinin həddindən artıq artmasına gətirib çıxa bilər. Odur ki, sağlam və düzgün qidalanmağa diqqət yetirmək vacibdir.
Əziz yeniyetmələr! Bədəninizdə baş verən dəyişiklikləri başa düşmək və onlara hazır olmaq üçün daim valideynlərinizlə və bəzən uşaq həkimi ilə məsləhətləşmək çox vacibdir.