UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Bədən tərbiyəsi və idman / MƏQALƏLƏR
Fiziki tərbiyə – fiziki cəhətdən təkmil, hərtərəfli inkişaf etmiş və sağlam insanın formalaşdırılması məqsədilə şəxsiyyətinin tərbiyəsinə, hərəki bacarıqlarının və qabiliyyətlərinin, fiziki hazırlığı və keyfiyyətlərinin inkişafına, bədən tərbiyəsi və idman sahəsində biliklərin əldə edilməsinə yönəlmiş pedaqoji prosesdir.
Fiziki tərbiyənin vəzifələri aşağıda göstərilmişdir:
- Uşaqların fiziki cəhətdən inkişaf etmiş, sağlam və nikbin böyüməsini təmin etmək, şagirdlərə həyat üçün zəruri olan hərəki bacarıq və vərdişlər aşılamaq;
- Məktəbliləri fiziki mədəniyyətə, zəruri tibbi biliklərə yiyələndirmək, hər bir şagirddə orqanizmi sağlam qaydada saxlamaq bacarığını formalaşdırmaq;
- Məktəblilərin təhsil, əmək və vətənin müdafiəsi ilə bağlı keyfiyyətlərini inkişaf etdirmək.
Ümumtəhsil yaş dövründə uşaq orqanizmində fiziki və fizioloji cəhətdən müvafiq dəyişikliklər baş verir. Bu inkişaf məktəblilərin orqan və sistemlərinin quruluşu, həcmi, funksional imkanları ilə sıx əlaqəlidir. Fiziki tərbiyə prosesində yaş dövründən asılı olaraq fərdi fiziki xüsusiyyətlərin nəzərə alınması hərəkət və idman fəndlərinin, oyun taktikasının lazımi səviyyədə mənimsənilməsinə səbəb olur. Bu, o deməkdir ki, hər bir yaş dövründə şagirdlərin ümumi hazırlığına uyğun fiziki hərəkətlər tətbiq olunmalı və nəzəri biliklər verilməlidir. Belə ki, müəllim təlimi müvəffəqiyyətlə həyata keçirmək üçün ilk növbədə fiziki hərəkətlərin orqanizmə, eləcə də orqanizmin hansı hissəsinə təsirini, sinfin (qrupun) fərdi fiziki və fizioloji imkanlarını bilməli və tədris zamanı mütləq nəzərə almalıdır.
İbtidai və orta yaş dövründə uşaq və yeniyetmələrin özünəməxsus inkişaf etmə imkanları vardır. Bu yaş dövründə oğlan və qızlar daha sürətli inkişaf edir, boy atırlar. Həmin yaşda olan uşaqların sümüklərində üzvi maddələr, eləcə də qığırdaq toxuması çoxluq təşkil edir. Bunlar isə bədənin elastik olmasına şərait yaradır və onun xarici mühitin qıcıqlarına qarşı olan davamlılığını minimuma endirir, iş görmə qabiliyyətini zəiflədir. Müvafiq profilaktik tədbirlər görülməzsə, bu vaxt orqanizm müəyyən fəsadlarla üzləşə bilər. Orqanizmin yüksək sürətlə artması ilk növbədə qeyri-normal bel əyriliyi ilə, yastıayaqlılıqla nəticələnir. Bunların qarşısını almaq üçün bədən tərbiyəsi məşğələlərinin düzgün yerinə yetirilməsi mühüm əhəmiyyətə malikdir. Qamətin formalaşmasını və elastikliyini təmin edən, orqanizmin əzələ-sümük, ürək-damar sistemini və tənəffüs orqanlarını möhkəmləndirən xüsusi və ümumi inkişafetdirici fiziki hərəkət və oyunlardan istifadə edilməlidir.
Fiziki tərbiyə dərslərində xoşagəlməz hadisələr baş verə bilər. Bu, əsasən qaçış zamanı, alətlərdə gimnastika hərəkətlərini yerinə yetirərkən orta məktəbyaşlı şagirdlərin, xüsusən qızların sancılanması, ürəkbulanması, başgicəllənməsi, gözlərin qaralması, ürəkgetmə halları ilə müşahidə edilir. Buna əsas səbəb orta təhsil dövründə şagirdlərin əzələ gücünün, ürək-damar sisteminin tam şəkildə inkişaf etməməsi və möhkəm olmaması ilə yanaşı, beyin hərəkət mərkəzlərinin lazımınca inkişaf etməməsidir. Göstərilən vəziyyətlərin aradan qaldırılması üçün açıq və təmiz havada müntəzəm olaraq yeriş, qaçış, müvazinət, hoppanma hərəkətlərini, oturaraq və döşəmədə uzanaraq hərəkətləri icra etmək lazımdır. Bu hərəkətlər qarın əzələlərini, tənəffüs üzvlərini möhkəmləndirməklə bərabər, orqanizmə ümumi inkişafetdirici müsbət təsir göstərir. Orta məktəb yaşlı şagirdlərin fiziki inkişafı onların güc, sürət və çeviklik qabiliyyətlərinə də təsir edir. Fiziki məşğələlər zamanı məktəblilərin cinsi, bioloji və fərdi inkişafı nəzərə alınmalıdır.
Fiziki hərəkətlərin köməyi ilə ağciyərlərin hava yollarını genişləndirmək, bronxları müalicə etmək olar. Hərəkətlərlə sümüklərin, sümük-bağ aparatının və oynaqların da quruluşunda müsbət dəyişiklik etmək mümkündür. Təlim zamanı müxtəlif ümumtəhsil pillələrində məşğul olanların fiziki inkişafı və fizioloji imkanlarını bilməklə kifayətlənilməməli, təlimin daha uğurlu olması məqsədilə düzgün təlim və tərbiyə metodları seçilib tətbiq edilməsinin özü də önəmlidir.