UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütün və ikincili tütün tüstüsünün ziyanlı təsirləri haqqında 10 fakt

Tütünçəkmə dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Siqaret çəkənlərin əksəriyyəti bu vərdişdən imtina etmək arzusundadır, onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər.

İnsanın təmiz, tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür. İkincili (ətrafa yayılan) tütün tüstüsü ilə nəfəsalma sağlamlıq üçün təhlükəlidir. O, insanlarda xərçəng, ürək-damar və digər ciddi xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır.

Tütün tüstüsünün törətdiyi ölümcül təhlükələrdən yeganə qorunma yolu tütün tüstüsündən tam azad mühitin yaradılmasıdır.

Tütün və ikincili tütün tüstüsünün təsirləri haqqında 10 fakt

Tütün dünyada böyüklərin hər on nəfərindən birinin ölməsinin səbəbkarıdır. Tütünün törətdiyi xəstəliklər nəticəsində hər il təxminən 7 milyon insan vəfat edir. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək ölənlərin sayının hər il 8 milyona çatacağı gözlənilir.

Tütün-ondan mütəmadi şəkildə istifadə edənlərin demək olar ki, yarısını öldürür.

Dünyada siqaret çəkənlərin 80 %-i gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə yaşayır. Əgər təcili tədbirlər görülməsə, 2030-cu ilədək tütünlə əlaqəli ölüm hallarının 80%-i inkişaf edən ölkələrin payına düşəcək.

XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. Belə tendensiyaların davam etməsi XXI əsrdə bu səbəbdən  1 milyard insanın ölümü ilə nəticələnəcək.

Tütün məhsullarının yanması nəticəsində yaranan tüstü ikincili tütün tüstüsü və ya ətraf mühitdə tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu adətən passiv siqaret-çəkmə adlandırılır.

İkincili tütün tüstüsü ilə nəfəs almaq sağlamlıq üçün təhlükəlidir! Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 7000-dən çox zərərli kimyəvi maddələr vardır. Passiv siqaretçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda ölümlə nəticələnə bilir.

Hesablamalara əsasən dünyada bütün uşaqların yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Tütün tüstüsü uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn, astmanın) ağırlaşmasına gətirib çıxarır.

Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, hər il ən azı 200 000 insan iş yerlərində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində həlak olur.

İkincili tütün tüstüsünün təsiri, eləcə də səhiyyənin birbaşa və dolayı xərcləri şəklində ayrı-ayrı insanların, müəssisələrin və ümumilikdə cəmiyyətin iqtisadi xərcləri və məhsuldarlıq itkiləri ilə nəticələnir.

İkincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir havalandırma, heç bir filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı yerlərdə tütün tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz.

Yadda saxlayın! Sağlamlığınız üçün tütün tüstüsündən yalnız 100 % azad olan yerlər təhlükəsiz sayıla bilər!